“Vaqifi çağırıb, lap bir şapalaq da vurmaq olar” - Etiraz

vaqifi-cagirib-lap-bir-sapalaq-da-vurmaq-olar-etiraz
Oxunma sayı: 671

Aqil Abbas federasiyanın qərarını tənqid edib. Onun fikrincə, əslində bu gün milli komandadan Vaqif yox, baş məşqçi Berti Foqts getməlidir: “Mən AFFA-nın qərarına çox pis baxıram. Əvvəla ona görə ki, yığmanın aparıcı oyunçusuna belə bir ağır cəza verilməməli idi. Vaqif Cavadov gəncdir, hövsələsizlik edə, nəsə bir söz deyə bilər. Bu sözə görə adamı danlamaq, onu başa salmaq olar. Amma Vaqifi bir il müddətinə millidən kənarlaşdırmaq, onu Azərbaycana gətirən kluba pul cəzası vermək nə deməkdir? Foqts Azərbaycan futboluna nə verib ki, nə də almaq istəyir? Futbolu bərbad vəziyyətə salıb. Foqts getməlidir, Vaqif yox. Özü də elə bu gün getməlidir. Yanvar ayını gözləmək lazım deyil. Özü də demişdilər ki, seçmə mərhələnin son iki oyununda özünü göstərə bilməsə, Foqtsla vidalaşacağıq. Son oyunlardan da göründü ki, Foqts bacarmır. Özü də yekə-yekə danışır ki, mən Azərbaycanda qalmaq istəmirəm. Qabaqdangəlmişlik edir. Vaqif gənc oğlandır. Yaxşı futbolçudur. Onu futboldan ayrı salmaq olmaz. Bu, Azərbaycan futboluna nə verə bilər? Vaqif belə bir söz işlədibsə, onu çağırarlar, başını sığallaya-sığallaya danlayarlar. Gəncdir, oyundan çıxarılıb, qol vura bilməyib, bir az hövsələsizlik edib. Amma Foqts bütün Azərbaycan xalqını təhqir edib. O, niyə getmir? Azərbaycan futboluna heç nə vermədən, milyonlarla pul götürüb gedəcək. Bu, nə deməkdir? İsgəndər Cavadov yaxşı bir söz işlədib ki, elə bil 15 nəfər yaxşı futbolçumuz var, Vaqifi kənarlaşdırırlar. Onsuz da Azərbaycan klublarında yerli futbolçular azdır”.

Aqil Abbasın dediyinə görə, 11-12 legionerin olduğu yerdə Azərbaycan futbolu, milli komandası inkişaf edə bilməz: “Haradan futbolçu gətirək? Bu gün millidə Subaşiç, Çertoqanov kimi futbolçular oynayırlar. Onlar Azərbaycan futboluna nə veriblər? Vaqif “Tvente”yə gedəndə onu yola salan, uğurlar arzulayanlardan biri mən olmuşam. Cavadovların Azərbaycan futboluna böyük faydası dəyib”.


Aqil Abbas Vaqifi millidən kənarlaşdırmaq əvəzinə, onu çağırıb üzr istətdirməyin tərəfdarıdır. Millət vəkili AFFA-nın Foqtsun sözü ilə yerli futbolçunu qovmasını düzgün hesab etmir: “Vaqifi mən yaxşı tanıyıram. Yəqin bir az əsəbi olub. Adam öldürməyib, Azərbaycanı təhqir etməyib. Lap deyib ki, millidən imtina edirəm. Onu çağırıb, lap bir şapalaq vurub demək olar ki, millidən getmək nə deməkdir, özünü yığışdır. Vaqifi millidən kənarlaşdırılması, atanın övladını evdən qovma kimi bir şeydir. Uşaq bir səhv edəndə, bir şapalaq vurursan, deyirsən otur yerində, köpəkoğlu. Daha evdən qovmursan ki. Gənc və perspektivli futbolçunu bir sözə görə milli komandadan qovmaq olmaz. Onu çağırıb, hamıdan üzr istəməsini tələb etmək olar. Bir dənə Foqtsun sözü ilə millidən kənarlaşdırmaq düz deyil. Azərbaycanı təhqir etməyib ki. Belə bir şey etsəydi, deyərdim, düz qərar veriblər. Foqts kiminlə münasibəti korlanırsa, onları bir-bir sıradan çıxarır. Onda belə xüsusiyyət var. Bununla yanaşı, o, yerli klubları da pis vəziyyətdə qoyur. Millidə çıxış etmək üçün ən vacib vaxtda klublardan futbolçuları təlim-məşq toplanışına çağırır, sonra da oynatmır. Bu adam nə istədiyini heç özü də bilmir. Daha doğrusu, özü neynədiyini çox gözəl bilir. Ayda 100 min avro maaş alır. Bizim Ağasəlim Mircavadov, Qurban Qurbanov, Vaqif Sadıqov, Arif Əsədov kimi məşqçilərimiz var. Onların hansı Foqtsdan zəifdir? “Qəbələ”nin sabiq baş məşqçisi Ramiz Məmmədov bu yaxınlarda İngiltərəyə gedib, təhsilini artırdı. Uduzuramsa, elə özümünkü ilə uduzum da. Foqts neynəyib? Bir dənə Türkiyəni burada udmaqla özünü qəhrəman sayır. Onda da uşaqları özü qəsdən həmin oyuna kökləmişdi ki, Türkiyəni udub, Almaniya, Belçika və ya Avstriyaya kömək etsin. Futbolçulara demişdi ki, mütləq Türkiyəni udmalısınız. Yoxsa hamınızı cəzalandıracağam”.