Viza

viza
Oxunma sayı: 730

Texniki problem nədir?

Bir ara bir sıra ekspertlər Azərbaycanın Türkiyə ilə viza rejimini aradan qaldırmasından sonra İranın da bu tələbdə bulunacağını söyləyirdi. Bu səbəb və ya fakt məntiqə söykənə bilməz. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Azərbaycanla Türkiyənin arasında sərhədin olması belə absurddur. Bir-birimizə qardaş deyirik, xoş sözlər söyləyirik, amma, aramıza cəpər çəkirik. Qardaşla qardaş arasında çəpər olar? Bu artıq qardaşlıq yox qonşuluqdur. Azərbaycanın indiyə qədər söylədiyi və texniki problem kimi qələmə verdiyi viza probleminin arxasında nə dayanır?

Texniki problemin açılışı budur:

Türkiyənin əhalisi yetmiş milyona yaxındır. Azərbaycanın əhalisi isə 9 milyon. 9 milyonun 3 milyona qədər müxtəlif qonşu ölkələrdə çörək pulu qazanmaqla məşğuldular. Çünki milyardlar ölkəsi Azərbaycanda iş yerləri yoxdur, mövcud iş yerlərində verilən əmək haqqı ilə dolanmaq da mümkün deyil. Azərbaycanda rəsmi milyoner və milyarder də olmaq mümkün deyil. Halbuki, minlərlə milyoner və barmaqla sayıla bilən milyarderlər də var.

Sadaladıqlarımız problemlərin və insan sayı faktorunun viza və texniki problemlə çox ciddi əlaqəsi var.

Azərbaycandan Türkiyəyə hər il maksimum 100 min adam səyahət edir. Türkiyə ilə viza rejimi qaldırılarsa Türkiyədən Azərbaycana 1 milyon və daha çox insan gələ bilər. Azərbaycanın xarici siyasət idarəsi həm də əsasən vizaya görə ödənilən pul vəsaiti ilə maliyyələşir. Məhz, bu gəlirdən məhrum olmamaq, o cümlədən gələnlərin sayının artması ilə bağlı əlavə xərclərdən qurtulmaq üçün Türkiyə ilə viza rejimini qaldırmır. Ciddi düşünəndə, məntiq də var. Amma, məntiqsizlik daha böyükdür. Çünki ölkəyə daxil olan hər bir turist 700-800 dollar civarında pul vəsaiti xərcləyir. Turistlərin hesabına iqtisadiyyatın müxtəlif sektorları da inkişaf etməyə başlayır.

Bütün bunları analiz edərək belə bir nəticəyə gəlmək olar ki, iki ölkə arasında səmimiyyət yoxdur. İki ölkə arasında iqtisadiyyatın inteqrasiyası birgə uzun müddətli iqtisadi planlara söykənmir.

Viza problemi təkcə Türkiyə ilə bağlı deyil. Avropa ölkələrindən Azərbaycana gəlmək istəyən xarici vətəndaşlar da ciddi problemlərlə üzləşir. Azərbaycan isə bu ili turizm ili elan edib. Turizm ilində xarici vətəndaşlara viza almaq problemi yaradılırsa, bundan böyük məntiqsizlik olarmı?

Azərbaycan tipli ölkələr, ümumiyyətlə varlı ölkələr üçün viza rejimini bir tərəfli qaydada ləğv etməlidir. ABŞ, Qərbi Avropa dövlətləri, Yaponiya, varlı Ərəb dövlətləri, Sinqapur və buna bənzər dövlətlər üçün viza rejimi ləğv edilməlidir. Biz kimdən və nədən özümüzü çəpərləyirik? O ölkələrin Azərbaycana gələrək burada problem yaradacağına, iş yerlərini tutacağına, və s. əməllər edəcəyinə inanmıram. Əksinə, Azərbaycan bir il ərzində güclü sərmayə axını olan və turizmi çiçəklənən ölkəyə çevrilər.

Bu gün isə, ən azından Türkiyə ilə viza rejimi qaldırılmalıdır!