Xaçmazda bələdiyyə sədri həbs olundu

xacmazda-belediyye-sedri-hebs-olundu
Oxunma sayı: 767

Azərbaycanda bələdiyyə sədri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb. Belə ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 hektar torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 hektar torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib.

Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.