Xamneyi İran əhalisini seçkilərə çağırdı

xamneyi-iran-ehalisini-seckilere-cagirdi
Oxunma sayı: 731

“Media forum” saytının məlumatına görə, ayətullah Xamneyi səsvermə məntəqəsindən çıxarkən jurnalistlərə belə deyib: “Mənim vətəndaşlara tövsiyəm həmişəki tövsiyədir. Ölkənin əziz əhalisinə tövsiyə edirəm ki, seçki məntəqələrinə gedib səs versin. Hesab edirəm ki, bu, bir vəzifə və bir borcdur. Bu həm də bizə aid olan bir haqdır və biz bu hüququmuzdan istifadə etməliyik. Həm də səsvermə namaz kimi nə qədər tez yerinə yetirilsə savabı daha çoxdur.

Bu gün İran məsələsi çox mühüm və qabarıq bir məsələdir. Məhz buna görə də daim qalmaqal yaradırlar. Qərb tez-tez sanksiyalar və insan hüquqları məsələsini qabarıb ortaya atır. İrana qarşı təhdidlər çox olduğuna görə İran milləti seçkiyə daha həssaslıqla yanaşmalı, öz sözünü deməlidir”.

İranda 290 yerlik parlamentə mandat almağa 3 min 444 namizəd iddia edir. “Yaşıl hərəkat”ın məhbus liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və onların tərəfdarları parlament seçkisini boykot etdiklərini açıqlayıblar. Vaxtilə hakimiyyətdə təmsil olunan islahatçı qurum və təşkilatlar, 2009-cu ildə prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra tutulub həbsə salınan şəxslər də parlament seçkisini boykot edir.