“Xəzər Lənkəran”ın baş məşqçisi dəyişdirildi

xezer-lenkeranin-bas-mesqcisi-deyisdirildi
Oxunma sayı: 653

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə PRO kateqoriyalı baş məşqçi Yunis Hüseynov təyin olunub. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Yunis Hüseynov 1965-ci ildə Gəncədə anadan olub. O, futbolçu karyerasını yerli “Kəpəz”də başlayıb, daha sonra 1984-cü ildən Bakının “Neftçi” klubunda çıxış edib. Bununla birgə 1993-1998-ci illərdə Azərbaycan milli yığmasının da üzvü olub. 1998-ci ildə o, yenidən “Kəpəz” klubuna keçib və bu komanda ilə Çempionlar Liqasının təsnifat mərhələsində və Avrokubokda oynayıb.

Qeyd etmək lazımdır ki, Yunis Hüseynov hücumçu mövqeyində oynayıb və futbolçu karyerası ərzində 2 dəfə (1994 və 1998 illərdə) ölkəmizin ən yaxşı futbolçusu adına layiq görülüb. O, “Neftçi”nin heyətində 1992 və 1996-cı illərdə ölkə çempionu, 1997-ci ildə gümüş, 1995 və 1999-cu illərdə isə bürünc mükafatçısı titullarının sahibidir. Həmçinin Hüseynov 1995, 1996 və 1999-cu illərdə Azərbaycan Kubokunun qalibi olub.

Futbolçu karyerası ərzində Hüseynov 66 dəfə rəqib qapısına yol tapıb, onun adı Azərbaycan Premyer Liqasının ən yaxşı bombardirlər siyahısında 23-cü yerdə qərarlaşıb.

Məşqçi karyerasını Yunis Hüseynov Yevlaxın “Karvan” klubunda başlayıb. Məhz onun rəhbərliyi altında adı çəkilən komanda 2004/05 və 2005/06 mövsümlarında Azərbaycan çempionatının bürünc və gümüş mükafatçısı olub. 2006-cı ildə Avrokuboklara vəsiqə qazanan “Karvan” Slovakiyanın “Spartak” (Trnava) komandasına qalib gələrək mərhələ adlamışdı.

2007-ci ildə Yunis Hüseynov Bakının “Standard” klubunun sükanı arxasına keçdi, bir müddət sonra yenidən “Karvan”a döndü və bu klubdan 2008/09 mövsümün sonunda ayrıldı. Həmin vaxtdan heç bir klubda fəaliyyət göstərməyib.