“Xural” Əflatun Amaşovun “qara siyahı”na düşdü

xural-eflatun-amasovun-qara-siyahina-dusdu
Oxunma sayı: 657

Sentyabrın 16-da Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib. Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılığı ilə düzənlənən müzakirələrdə bir sıra mətbu orqanla bağlı müraciətlər araşdırılıb.

Şuradan "Media forum" saytına verilən məlumata görə, iclasda “Xural” qəzetində gedən materiallarla bağlı şikayətlər də araşdırılıb. Qəzetin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına ünvanladığı cavab məktubu oxunub. Ə.Zeynallı məktubunda bildirib ki, “Xural” Mətbuat Şurasının üzvü olmadığından şura bu kütləvi informasiya vasitəsi ilə əlaqədar şikayətlərə baxa bilməz. Lakin komissiya Mətbuat Şurasının ölkə jurnalistlərinin I qurultayında qəbul olunmuş nizamnaməsinə, eləcə də “Mətbuat Şurasına şikayətlərin verilmə və onlara baxılma qaydaları”nın I bölməsinə istinadən (“Mətbuat Şurası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş mətbuat vasitələri (qəzet, jurnal və informasiya agentlikləri) ilə bağlı şikayətlərə baxır”) belə iddianın əsassızlığı rəyinə gəlib.

Ə.Zeynallının qatılmadığı müzakirədə şikayətçilər - Lənkəran Dövlət Universitetinin, “Azərbaycan” nəşriyyatının, Bilgəh Kardioloji Sanatoriyasının, Ağdam Rayon Prokurorluğunun və Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri dinlənib. Bərdə Rayon İcra Hakimiyyətinin “Xural” qəzetində gedən yazı ilə bağlı şikayəti də araşdırılıb.

Komissiya belə bir rəyə gəlib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər bəndinə sayğısız yanaşılıb.

Komissiya “Xural”ın adının Mətbuat Şurasının “qara siyahı”sına salınması məsələsinə baxılmasını zəruri sayıb və nəşrlə əlaqədar toplanmış sənədləri şuranın “reket jurnalistika”ya qarşı mübarizə komissiyasına təqdim edib.

Elə həmin gün “reket jurnalistika”ya qarşı mübarizə komissiyası iclas keçirib. İclasda “Xural” qəzeti ilə bağlı məsələyə də baxılıb.

“Reket jurnalistika”ya qarşı mübarizə komissiyası “Xural”ın adının Mətbuat Şurasının “qara siyahı”sına salınması üçün şuranın İdarə Heyətinə rəy verilməsi razılığına gəlib.

Sözügedən məsələdə yekun qərarı Mətbuat Şurası İdarə Heyəti çıxaracaq.