“Yalnızlığın yükü çətin olur, sevgilim...” – Şeirlər

yalnizligin-yuku-cetin-olur-sevgilim-seirler-
Oxunma sayı: 886







Boz adam

Bax,
Yaxşı bax...
Sükan arxasında
Hey deyinən o kişiyə.
Qucağındakı uşağı
Sakitləşdirməyə çalışan
O qadına...
Bax,
Dərin bax
Dayaz şəhərin
Batıran dalğalarına.
Bozluğuna boyama gözlərimi!
Onsuz,
Sevgiylə zəhərlənmiş kor kimiyəm.
Bir az həssasam,
Bir az yorğun.
Bir az da xoşbəxtliyə ac kimiyəm.
Yalan toxunuşlarla tutma əllərimi
Yoxluğunda daha çox isinirəm.
İncitmə,
Bu dəfə dözməz ürəyim!
Yalnızlığın yükü
Çətin olur, sevgilim...


Ağrı

Misralarım yarımçıq,
Sözlərim ağrıyır,
Şeirlərim xəstə...
Ağrılarım göydən yağır
Xoşbəxtliyim bu yağışda çətirsiz qalıb...
Ağrılarım qadınların yatağında,
gecələrin qucağında,
ağrılarım narkomanın damarında,
bir şairin harayında
yuva salır...
Ağrıyıram boşluqların sükutunda,
Ağrılarım gözlərimdə izlər salır...

Sən elə mənsənmiş

Sevgi qoxusu gəlir səndən
məhəbbət pıçıldayır sözlərin.
harda idin bu vaxtadək, sevgilim?
yollarda qalmışdı gözlərim...
demə, sən elə mənsənmiş,
Mən elə sən!

Ayaq dəyməz, iz salınmaz sahillərə,
Ləpə vurmuş balıq idim.
Dəniz boyda ümidsənmiş,
Sən elə mənsənmiş,
Mən elə sən....