Yazıçılar Birliyinin maliyyə yaradıcılığı... - Araşdırma

yazicilar-birliyinin-maliyye-yaradiciligi-arasdirma
Oxunma sayı: 743

Hər il dövlət büdcəsindən yaradıcı qurumlara vəsait ayırılır. İqtisadçı-ekspertlər pulun təyinatı üzrə xərclənmədiyi qənaətindədir. Rəsmi qurumlarsa dəqiq məlumat vermir.

2011-ci ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) büdcədən 441.184 AZN, KİV-ə Dövlət Dəstəyi Fondundan (KİVDF) 790.262 AZN vəsait ayrılıb. Cəmi: 1.231.446 manat. Vəsait yazarların yaradıcılığında hansı rol oynayır, hara sərf olunur?

AYB-nin fəaliyyəti gənc yazarları qane etmir

“Birlik sovet dövründən qalma prinsiplərlə işləyir. Fəaliyyətləri qane etmədiyi üçün müraciət etməyi düşünməmişəm”,- deyir yazar Seymur Baycan.

Yazıçı Aqşin Yenisey də AYB-nin fəaliyyətindən narazıdır: “Büdcədən hər il AYB-yə vəsait ayrılır. Bununla hansı ciddi imzaya yardım edilib? Nəşrlərində illərdir irəliləyiş yoxdur. Yeni yazarlar bu orqanlarda çap olunmaq istəmir. Fikrimcə, ədəbiyyatı təşkilatlar yox, fərdlər yaradır”.

İqtisadçı-ekspert Samir Əliyev dövlətin yaradıcı qurumlara vəsait ayırmasını normal sayır: “Problem vəsaitin nə dərəcədə şəffaf, səmərəli xərclənməsindədir. Məncə, bu təşkilatlarda, büdcədən əlavə, üzvlük haqqı da alınır”.

“Büdcədən özümüz ayırıb xərcləsəydik, məlumat verərdik”

Büdcə ilə bağlı AYB-yə sorğu göndərdik. İnformasiya sorğusunu AYB sədrinin müşaviri Rauf Aslanov daxili işlərinə qarışmaq sayır: “Burada neyləyiriksə, mənə və rəhbərliyə aiddir. Büdcədən özümüz ayırıb xərcləsəydik, məlumat verərdik”.

Sorğuya cavab verilmədiyindən problem Səbail rayon Məhkəməsində çözüldü. Hakim Famil Nəsibovun çıxardığı qərarla AYB sorğumuza cavab verməli idi. Amma bu dəfə də birlikdən “biz ictimai təşkilatıq, büdcəmizlə bağlı hesabat verməyə bilərik”,-deyildi.

Bu sahədə araşdırma aparmış jurnalist Elnur Astanbəyli də AYB-yə ayrılan vəsaitlə bağlı rəsmi bilgi ala bilməyib: “Gizli mənbələrlə vəsaitin taleyi barədə öyrəndim. 1 milyonluq büdcənin 200 min manatı 6 səhifəli, həftəlik “Ədəbiyyat” qəzetinə yönəlir. Anarın Türkiyəyə şəxsi səfəri qəzetin ezamiyyəsi kimi rəsmiləşdirilir”.

İqtisadçı-ekspert Zöhrab İsmayıl qurumun maliyyə hesabatının qaydasında olmadığı fikrindədir: “Yoxsa hesabat verərdilər. Korrupsiyanın azı-çoxu olmur”.

AYB sədri Anar isə bu ilin yanvarında “Azərbaycan” Universitetinin tələbələriylə görüşündə birliyin mətbu orqanlarının büdcədən maliyyələşdiyini deyib.

“Birliyin 7 ədəbi dərgisi, kitabxanası, imza günləri, maaşlar, kommunal xərclər hamısı vəsait hesabınadır”- deyir AYB nümayəndəsi Aydın Əbilov.

Digər KİV-lərə müsabiqə ilə vəsait ayıran KİVDF AYB-nin nəşrlərinə müsabiqədənkənar 790.262 manat ayırır. Fondun mühasibi Təhminə Yaqubovafaktı belə əsaslandırır: “Elə bilirlər pulu biz ayırırıq. Sadəcə Maliyyə Nazirliyinin ayırdığı vəsaiti biz veririk. Özü də AYB nəşrləri müsabiqədən kənardı”.

Vəsait real xərclərlə üst-üstə düşürmü?

“Azərbaycan” jurnalından öyrəndik ki, 40 min işarəli yazıya 50 AZN qonorar verir. Bu, 70x108 1/16 formatlı jurnalın 26 səhifəsidir. 192/26x50=369,23x12(1il)=4430,76. Formatı 60x84 1/8 “Qobustan” jurnalının isə 12 səhifəsi 40 min işarədir. 96/12x50=400x4(rüb)=1600(il). Digər nəşrlər də eyni qaydada hesablanıb.
A2 formatlı “Ədəbiyyat” qəzetinin bir səhifəsi 17 min işarədir. Dövri mətbuatda bu formatlı qəzetlərin səhifəsinin qonorarı 50 AZN-dən aşağı deyil. Bu hesabla, həftədə 1 dəfə çıxan 6 səhifəlik “Ədəbiyyat”ın illik qonarar büdcəsi 14400 AZN olmalıdır.
Qəzetin redaksiya heyətində təmsil olunan, adının açıqlanmasını istəməyən yazarın sözlərinə görə, bir səhifəlik yazıya 10 manatdan çox pul verilmir.
Belə ki, nəşrlərə illik 72286 AZN çap xərci, 28231 AZN qonorar ödənir (bax: cədvəl). Cəmi: 100.517 AZN. KİVDF-nin ayırdığı vəsaitdən bu məbləği çıxdıq. Qalan 689.745 manatın taleyi qaranlıqdır.

Nəşrlər barədə məlumatları AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu verdi. O, “Dünya ədəbiyyatı” və “Körpü” dərgiləri barədə məlumatsız olduğundan, onları “Qobustan” jurnalının göstəricilərinə uyğun hesabladıq (ƏDV daxil olunmaqla “Qanun” nəşriyyatında).

Beynəlxalq təcrübə


İsveçdə hökumət yalnız zəif nəşrlərə vəsait ayırır. “Vəsait qəzetin dövriliyi, tirajına görədir. İsveç hökuməti ildə bir dəfə çıxan qəzetə milyon ayırmır, nə də bunu hər il etmir”,-deyir media layihələri koordinatoru Seymur Kazımov.
Ekspert S.Əliyevin fikrincə, AYB nəşrlərinin büdcəsi yüksək tirajlı, keyfiyyətli nəşrlərin büdcəsindən 2-3 dəfə çoxdur: “Birbaşa inzibati xərclər və işçilərin maaşı üçün ayrılan vəsait büdcədən səmərəsiz istifadədir. Qaldı AYB-yə ayrılan 441.184 manata, fikrimcə, kommunal xərclər ilə 20 min manatdan çox deyil”.

“Nəzərə alaq ki, nəşrlərin maliyyə mənbəsindən biri də satışından gələn vəsaitdir. İstənilən halda ayrılan məbləğ çoxdur. Güman ki, vəsaitin əsas hissəsi mənimsənilir, maxinasiyalar edir, ölü canlara artıq pul yazırlar və s. Hesabat verməməklərinin bir səbəbi də budur”,-deyir ekspert Z.İsmayıl.

Bəstəkarlar İttifaqı vəsaiti hara yönəldir?


“İttifaqın müsbət işlər görməsi, fəaliyyətilə bağlı nəyisə ictimaiyyətdən gizlətməyə əsas vermir. İnsanların şəxsi həyatındakı gizliliyə necə hörmətedir, hamıdan bunu tələb ediriksə, ictimai işlərdə də şəffaflıq tərəfdarı olmalıyıq”,- deyir bəstəkar Firudin Allahverdi.

Azərbaycan Bəstəkarlar İttifaqına (ABİ) 2011-ci il dövlət büdcəsindən 282.276 manat vəsait ayrılıb. ABİ də büdcə ilə bağlı sorğumuza öncə cavab vermədi. Sonradan ayrılan vəsaitin hara xərcləndiyi açıqlandı. Sorğunu fondun baş mühasibi Nadejda Pikvina cavablandırıb: “İctimai təşkilatıq. Ayrılan vəsait əmək haqqı və kommunal ödənişlərə xərclənir”.

ABİ-nin 3 illik büdcəsi


İl Əmək haqqı (AZN) Kommunal xərclər (AZN) Cəmi:
2009 120.048 79952 200.000
2010 160.160 90000 250.160
2011 176.000 100.000 276.000

İlə 100.000, aya 8333, günə 278 AZN kommunal xərc


“Həddindən artıq böyük rəqəmdi. Güman ki, ya başqa yerlərə sərf edir, kommunal xərclər kimi yazırlar, ya da təsərrüfat xərclərini kommunal sayırlar”,-deyir ekspert Z.İsmayıl.

“Rəssamın əsərini almağa ixtiyarım yoxdur”

Azərbaycan Rəssamlar İttifaqı (ARİ) ilə bağlı da fikirlər eynidir. Rəssam Gündüz Ağayev ittifaqın üzvü olsa da, cəmi bir dəfə sərgi keçirmək üçün müraciət edib. Onda da, “növbəyə durmalısan” cavabını alıb:“Ola bilər kiməsə kömək olunur. Qurumun müəyyən şəxslərə xeyri var. 3-4 rəssam birləşib emalatxana açmışıq. Mənim üçün o təşkilatın varlığı ilə yoxluğu eynidir”.

ARİ üzvü, əməkdar rəssam Rəis Rəsulzadənin fikrincə, ittifaq mədəni tədbirlər təşkil etmək üçün lazımdır: “Həm də oranın sərgi salonu rəssamlar üçün pulsuzdur”.
Gənc rəssam Ədilə Babayeva yaradıcı qurumların özlərini maliyyələşdirməsinin tərəfdarıdır: “Qrup yoldaşım ARİ-nin üzvüdür. Ancaq sərgi keçirmək üçün quruma müraciəti qəbul olunmadı. “Şəkillərin az, salon böyükdür”,-dedilər. Qurumdan hansısa xeyir görəni tanımıram”.

2011-ci ildə büdcədən ARİ-yə 160.512 manat ayrılıb. İttifaq sədri Fərhad Xəlilov deyir ki, vəsait ştatda olan 32 işçinin maaşı, kommunal xərclər üçündür: “Bununla hansısa rəssama yardım göstərmək, əsərini almaq ixtiyarım yoxdur. Bizdə hər şey şəffafdır. Qaranlıq işlər 1 milyon büdcəsi olan təşkilatlarda mümkündür”.

Hər 3 qurum büdcə ilə bağlı ancaq Maliyyə Nazirliyinə hesabat verdiklərini deyir. Nazirliyə göndərdiyimiz sorğuya isə 1 ay cavab verilmədi. Qurumun sözçüsü Mais Piriyev müddətin uzanmasını sualların çoxluğu, 3 təşkilata aid məlumatların tələb olunduğu ilə izah etdi. Sonda aldığımız cavab: “Qanunvericiliyə əsasən hər il büdcə göstəriciləri mətbuatda çıxır. Ətraflı məlumat üçün adıçəkilən təşkilatlara müraciət edin”.

Kulturoloq Cahangir Səlimxanovun fikrincə, yaradıcı insanların cəmiyyətlə əlaqə qurması, fəaliyyətləri haqda məlumat verməsi üçün bu təşkilatlar olmalıdır: “Ancaq vəsait digər ölkələrdəki kimi müsabiqə yolu ilə verilsə, əla olar. Bizdə müsabiqə olmadığı üçün vəsaitin dövlət tərəfindən gələcəyinə arxayındılar. Hesabat verməməklərində isə qəsbkarlıq görmürəm. Sadəcə, bizdə hələ hesabatlılıq mədəniyyəti formalaşmayıb”.

Memarlar İttifaqı isə büdcədən maliyyələşmir. Bunu ittifaqın əməkdaşı Yaşar Bağırlı deyir: “Dövlətdən pul almırıq. Üzvlük haqqı, ittifaqın zirzəmisinin icarəsindən gələn pul, memarlıq təşkilatlarına etdiyimiz metodiki köməyə görə verdikləri vəsaitlə dolanırıq. Sərgi keçirmək vəsait tələb edir. Ehtiyacımız çox, layihələrimizin icrasına vəsait yoxdur. Təkcə kommunal xidmətə ayda 1000-1500 manat veririk”.

Yaradıcı qurumlarda audit yoxlaması aparılıbmı?


Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevanın verdiyi məlumata görə, yaradıcı qurumların heç birində audit yoxlama aparılmayıb: “Funksiyamız dövlət pulu olan yerlərdə yoxlama aparmaqdır. Bu qurumlar da büdcə təşkilatıdır. İş planımıza uyğun, nə vaxtsa, bu təşkilatlarda da yoxlama aparacağıq”.

Dünya təcrübəsi


Yaradıcı qurumların Gürcüstanda da olduğunu deyən gürcü mədəniyyət yazarı İako Patatişvili onların da dövlətdən dəstək aldığını dedi: “Bəzilərinin sponsoru var, ya da qrant alırlar. Bizdə dövlətdən maliyyələşən birliklər çox iş görür. Konsert, sərgi keçirir, insanlarda kitaba maraq yaradan tədbirlər təşkil edirlər. Sadə insandan da soruşsan, bu birliklərin adını əzbər bilər”.

“Hollandiyada dövlət yaradıcı sahələrə ayırdığı büdcə vəsaitini ilbəil azaldır. Əsas gətirir ki, siz insanlar üçün ifa edir, onlar üçün bəstələyirsiz. Onlara lazımsınızsa, konsertinizə gələcək, əsərlərinizi dinləyəcəklər. Siz qazanacaqsınız. Əgər insanlar sizi dinləmirsə, deməli, dövlətə də lazım deyilsiz”,- deyir Amsterdamda təhsil alan gənc bəstəkar Səid Qəni.

Gülər Mehdizadə