Yetim qalan məhəbbətim

yetim-qalan-mehebbetim
Oxunma sayı: 682



Məsələn, kimsə iddia edə bilər ki, 1987-ci ildə Aqambekyan Parisdəki çıxışında Qarabağın Ermənistana bağlı olmasını söyləməkdə günah etməyib. Günah qarabağlılarda olub. Və yaxud da kimsə hesab edə bilər ki, Zori Balayanın anti -türk, anti-azərbaycan çağırışlarının məsələyə dəxli yoxdu və yaxud da Xocalıda Azərbaycana dərs verdiyini deyən Sarkisyanda da günah yoxdur. Xocalıda da günah özümüzdə olub, Şuşada da, Ağdamda da... Kolxozu basıb yeyən kolxoz sədrində, idarəsinin əmlakını satan idarə rəisində və Qarabağı ermənilərə peşkəş edən qarabağlılarda olub günah. Günah 30 min şəhiddədir ki, özlərini qurban veriblər. Günah minlərlə Qarabağ müharibəsinin veteranındadır ki, hər addım başı qabağımıza çıxıb yaddaşımızı təzələyir. Günah məndədir ki, Qarabağ mövzusunda yazıb insanların əhvalını korlayıram.
Mən heç vaxt hesab etməmişəm ki, Qarabağın işğalı imanlı insanların günahı ucbatından baş verib. Belə düşünmək və bunu demək ən böyük əxlaqsızlıq olardı. Mənim işğalda imanlı insanları günahlandırdığımı deyən varsa, demək, mənim sözlərimi bu cür yozanların əxlaq problemi var.

Əxlaq demişkən...

Kafir hesab edildiyinə görə dəfn mərasimi bir millət olaraq bizlərə bu gün də utanc gətirən Mirzə Fətəli Axundovun gözəl fikirlərindən biri də əxlaq və din barədədər: “Hər bir din üç müxtəlif əməldən ibarətdir: etiqad, ibadət, əxlaq. Hər bir dinin icad olunmasında əsl məqsəd üçüncü əməldir, yəni əxlaq. Birinci iki əməl isə üçüncüsünün - əxlaqın əldə olunmasına xidmət edir”.

Kiminsə əxlaq kodeksi ibadət və itaətlə tamamlanır. Belələri digər əməllərini yada salmağı xoşlamır. Bir olan Allaha itaəti var, ibadətini edir, deməli, əxlaqlıdır. Yazıqlar olsun o insana ki, Allahdan qorxur deyə özünü əxlaqlı göstərmək üçün ibadət edir və itaət etdiyini söyləyir.

Məncə, Axundov daha əxlaqlı idi, nəinki, onun dəfninə gəlməkdən imtina edən din xadimləri.

Amma yox. Axundov təkcə onun dəfninə gəlməkdən imtina edən dindarlardan deyil, bütövlükdə cəmiyyətdən daha əxlaqlı idi.

O dövrdə Axundov məğlub idi. Və heç kim onun zamana qalib gələn məğlubiyyətinə sahib durmaq istəmirdi.

Bu gün biz də bir millət olaraq məğlubuq. Ermənilərə. Bu məğlubiyyətdən hamı imtina edir. Yazıq.

Bu gün başqa bir məğlubiyyət də var. O məğlubiyyətin heç kimə dəxli yoxdu. O mənimdi. Doğma, əziz və ilk məhəbbət qədər təmiz və saf məğlubiyyətim. Bu gün tanıdıqlarımın çoxu bu məğlubiyyətdən üz döndərib. Amma mən bu məğlubiyyəti yetim qoya bilmərəm.

Eşitdiyimə görə, (səhf etsəm qoy imanı kamil olanlar səhfimi düzəltsin) İslam müqəddəslərindən hansınınsa belə bir hədisi var: “Bir yetimin könlünü almağın savabı, həcc ziyarətinin savabına bərabərdi”.

P.S. Dünya şöhrətli fizik, Nobel mükafatı laeruatı Vitali Ginzburq da ateist idi. Ölməzdən əvvəl maraqlı bir tədqiqat aparırdı. O, qalaktikalararası elektromaqnit sahələrini öyrənirdi. Məncə, hamının ateist hesab etdiyi Ginzburq qalaktikalar arasında elektromaqnit sahəsini yox, Allahı axtarırdı...