Yol polisi bəy-gəlin maşın karvanlarına xəbərdarlıq etdi

yol-polisi-bey-gelin-masin-karvanlarina-xeberdarliq-etdi-
Oxunma sayı: 671

İdarənin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, "toy karvanları"nda iştirak edən sürücülər nəqliyyat vasitələrini yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarını kobud şəkildə pozurlar. Əliyev bildirib ki, son zamanlar bu hallar artıb.

İdarə sözçüsü bəylə gəlini müşayiət edən maşın karvanında iştirak edən sürücülərin bu hərəkətini digər hərəkət iştirakçılarına, cəmiyyətə açıq-aşkar hörmətsizlik kimi qiymətləndirib.

"Belə hallar paytaxt yollarında yersiz, süni ləngimələr, tıxaclar, nəqliyyatın hərəkətinin sıx olduğu vaxtda digər sürücülər və hərəkət iştirakçıları üçün maneə yaradır. Sürücülərin bu müşayiət zamanı bəzi hərəkətləri isə piyadaların və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyidir", - Əliyev deyib.

O, sürücüləri toy mərasimlərindən sui-istifadə edib yol hərəkəti qaydalarını pozmamamağa çağırıb. Bildirib ki, qaydaları pozan sürücülər həmin vaxt saxlanılmasalar da, sonradan yollarda olan nəzarət kameraları vasitəsilə onlar barəsində mərkəzi məlumat bazasına məlumat ötürülür və inzibati məsuliyyətə cəlb olunurlar.

İdarə rəsmisi toy sahiblərindən bu məsələyə diqqət yetirmələrini xahiş edib.

Son vaxtlar toy mərasimlərində iştirak edən şəxslərin sərxoş vəziyyətdə avtomobili idarə etməsi səbəbindən baş verən yol qəzalarının sayının artdığını deyən Əliyev bildirib ki, toy sahibləri bu məsələ ilə bağlı sürücülərə xəbərdarlıq etməlidirlər.

"Toy sahibləri, ağsaqqallar toydan sonra sərxoş vəziyyətdə avtomobili idarə etməmələri üçün mərasim iştirakçılarına müraciət etməlidirlər. Belə müraciətin mətni İdarə tərəfindən hazırlanaraq, bütün şadlıq evlərinə göndərilib", - şöbə rəisi qeyd edib.

Müraciətdə sürücülərdən ailə quranların, mərasim iştirakçılarının əhval-ruhiyyəsini pozmamaq, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükə qarşısında qoymamaq üçün toy şənliyindən sonra sərxoş vəziyyətdə sükan arxasına əyləşməmələri xahiş olunur.

İdarə sözçüsü "toy karvanı"nda iştirak edən avtomobillərin dövlət qeydiyyat nişanının üzərinə "Xoşbəxt olun", "Qardaşımın toyudur" və s. məzmunlu yazıların vurulduğunu qeyd edib və bildirib ki, avtomobil sahiblərinin bu hərəkəti inzibati məsuliyyət yaradır.

"Avtomobil sahibləri bilməlidirlər ki, bu hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsi ilə məsuliyyət yaradır, bu pozuntuya görə 40 manatdan 60 manatadək cərimə edilməklə hərəkətləri 4 balla qiymətləndirilir və sürücülər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar", - Əliyev deyib.