“Zad” haqqında

zad-haqqinda
Oxunma sayı: 650

Azərbaycan dilində, bu baxımdan, söyüşlərə hörmətim var. Heç olmasa söyüşlərlə fikrimizi düz bağırsaq kimi uzatmadan, ingilislər demiş, “direct” deyə bilirik. Mən heç də heç nəyi bəyənməyən bir nihilist deyiləm. Dilimizdə elə sözlər var ki, tək bir kəlmə ilə bir kitablıq fəlsəfi fikri çatdırmaq olur. Bu sözlərin çox dildə tərcüməsi belə yoxdu. İnanmırsız, girin öz sevimli “google”uza, axtarın. Ay tapdız ha... “Zad” sözü mənim bu cür hesab etdiyim sözlərdən biridir.

Kimiləri “ZAD” sözünü cinsi orqan kimi anlayır. Etiraz etmirəm, bəlkə də bu, belədi. Amma mən indi erotik mövzuda danışmıram. “ZAD” sözü özündə çox şeyi cəmləyir. Əvvəla “ZAD” bir nitq hissəsi kimi əvəzlikdir mənim üçün. Nəyi əvəz edir? Səhərdən axşama qədər “eşşək” kimi işləyib, yorğunluqdan işə də, pula da nifrət edən “qara” adamlar, bütün həyatı qapalı mühitdə keçmiş, ömrünü-gününü bir qarın çörək pul qazanmağa həsr edən və ya uşaq doğub “damazlıq” saxlayan adamlar, ali təhsil alıb, dünyanı görüb-götürüb dərk etdikdən sonra təhsilinin bu ölkədə yaşamaq üçün mənasız olduğunu başa düşən adamlar, kasıb həyat tərzi keçirdib, heç kimə pislik etməyib, həyatı dərk edə-edə sevgidən və sayğıdan (qayğıdan yox) məhrum qalmış adamlar, bir sözlə, həyatın bütün pis tərəflərini görüb, zəngin həyat təcrübəsi qazanmış adamlar “ZAD” sözünü işlədir.

Deməli belə çıxır ki, “ZAD” üsyandır. Hər şeyə üsyan. Götürək, siz bir diş həkimisiniz. Sənətinizi özünüz sevib-seçmisiniz. İşləyirsiniz. Amma bu ölkədə, digər sənətlərdə olduğu kimi, zəhmətinizin qarşılığının heç yarısını da ala bilmirsiniz və sevdiyiniz o dərmanların adları dönüb “zad”a çevrilir. Və tədricən həyatınızda çox şey yavaş-yavaş “zad” olur. Çox “zad” eləmədən deyim ki, “ZAD” həm də həyatımızda vəziyyətdən çıxış yoludur. Nəyisə istəyirsiz, amma alınmır. Deməli çıxış yolu istəyinizi azaltmaqdır və “zad” eliyirsiz, gedir işinin dalınca. “Zad” - batmış arzuların son halıdır.

“Zad” - Rock “n” Roll etinasızlığıdır. Baxmayaraq ki, bu musiqi növü bu ölkədə yaranmayıb, amma “zad” bu janrın əsas tərkib hissələrindən biridir. Hər ikisi üsyandır. Hər ikisi bezginlikdir. Hər ikisində nifrət əlamətləri var. Hər ikisi də müdrik, sadədir.
“Zad” - birbaşa deyiliş qaydasıdır. Amma bəzən “Zad” tənbəlliyə çevrilir. Ürəksiz bir iş görürsünüz, həmin bu işin ətrafında cəmlənən bütün predmetlər, hətta insanlar da “zad”a çevrilir.

Əlbəttə, bu, mənim fikirlərimdir, ona görə də çox “zad” eləməyin. Olurda arada belə "zad”lar...