Ziyalılar Forumunun keçirilməsinin qarşısı alındı- Yenilənib

ziyalilar-forumunun-kecirilmesinin-qarsisi-alindi-yenilenib
Oxunma sayı: 674

15.32

“Media forum” saytının müxbiri xəbər verir ki, Ziyalılar Forumunun saat 15-ə “Hyatt Regency” hotelinə təyin olunmuş iclasında iştirak etməyə gələnlər hazırda hotelin qarşısında toplaşıblar.

Onlardan Əkrəm Əylisli, Akif İslamzadə, Azər Mehtiyev, Vahid Qazi, Rəşid Hacılı, Aslan İsmayılov, Elkin Qədirli, Qubad İbadoğlu, Arif Əliyev, Elçin Şıxlı, Rasim Ağayev, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digərlərinin adlarını qeyd etmək mümkündür. Toplantıda iştirak etmək istəyən gənc fəallar, tədbiri işıqlandırmaq məqsədi güdən jurnalistlər də hotelin qarşısındadırlar.

Ziyalılar Forumunun təşkilatçılarından hadisə yerinə Eldar Namazov gəlib. O deyib ki, bir qədər əvvəl mehmanxana rəhbərliyi onlarla əlaqə saxlayaraq hoteldə böyük bir qəzanın baş verdiyini, bu səbəbdən işıqların söndüyünü xəbər verib.

Eldar Namazovun sözlərinə görə, hotelin rəhbərliyi qəzanın çox ciddi olduğunu, hətta qonaqları mehmanxanadan çıxarmaq məcburiyyətində qaldıqlarını da vurğulayıb. Ancaq Eldar Namazov bunu təsadüfi saymır. O, jurnalistlərə deyib ki, Ziyalılar Forumu işıqların qəsdən, forumun toplantısına mane olmaq üçün söndürüldüyünə inanır.

“Biz geri çəkilən deyilik” söyləyən Eldar Namazov forumun planlaşdırılan toplantısını keçirəcəklərini və bunun, ola bilsin, 2012-ci ilin əvvəlində reallaşacağını vurğulayıb.
-----
15.05

Dekabrın 29-u saat 15-də Azərbaycan Ziyalılar Forumunun “Hyatt Regency” hotelinin “Bakı” zalında toplantısı olmalıdır. Lakin “Media forum” saytının hazırda hotelin qarşısında olan əməkdaşı xəbər verir ki, “Hyatt Regency” hotelinin, o cümlədən “Bakı” zalı yerləşən korpusun qapısı bağlı, işığı sönülüdür.

“Bakı” zalının qapısında keşik çəkən mehmanxananın təhlükəsizlik xidmətinin əməkdaşı “Media forum”un müxbirinə bildirib ki, hotelin işıqları səhər tezdən sönüb, ona görə də hotel kompleksi tamamilə fəaliyyətini dayandırıb, qonaqlar başqa hotellərə köçürülüb, mehmanxana binasında keçirilməsi planlaşdırılan bütün tədbirlər, o cümlədən “Bakı” zalında saat 15-ə təyin olunmuş toplantı təxirə salınıb.

Təhlükəsizlik xidmətinin əməkdaşı deyib ki, ilk dəfədir “Hyatt Regency” hotelində belə bir hadisə baş verir. O, hotelin ehtiyat enerji generatorunun olub-olmaması haqda “Media forum” əməkdaşının sualına cavab olaraq bildirib ki, generator var, amma amma hazırda işləmir, çünki qarşıdan gələn yeni illə əlaqədar təmir işləri gedir.

-------

14.18
Ziyalılar Forumunun üzvü Eldar Namazovun verdiyi xəbərə görə, bir saat öncə ona “Hyatt Regency” otelinin rəhbərliyindən zəng edib texniki problemlər üzündən tədbirin keçirilməsinin mümkün olmayacağını bildiriblər. E.Namazov deyib ki, məsələ ilə bağlı Ziyalılar Forumu bəyanat yayıb. Bəyanat bir qədər sonra yayılacaq.

musavat.com