Cahangir Əsgərov “Ən yaxşı” olmaq üçün müraciət edib

cahangir-esgerov-en-yaxsi-olmaq-ucun-muraciet-edib
Oxunma sayı: 2575


“Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı zamanı deyib. O, bildirib ki, bu terminalda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün hər bir imkan yaradılıb - çox sayda kafe və restoranlar, biznes salonlar, interaktiv köşklər və uşaq meydançası inşa edilmiş, zallarda 2000-dən çox rahat oturacaq, 40 ədəd qeydiyyat masası, 30 eskalator, 21 lift və binanın xaricində teleskopik traplar quraşdırılıb. Bu traplar, eyni zamanda, 12 təyyarəni, o cümlədən dünyanın ən böyük sərnişin təyyarəsini – “Airbus A 380”ni qəbul edə bilir.

“Uzunluğu 4 min metr və eni 75 metr olan yeni uçuş-enmə zolağı inşa edilib. Hər cür hava şəraitində təyyarələri qəbul etmək məqsədilə bu zolaq İKAO-nun ən yüksək kateqoriyasına cavab verən işıqlandırma sistemləri, radionaviqasiya avadanlığı və radarlarla təchiz olunub. Aerovağzal kompleksinin tikintisi ilə bağlı aeroportun perimetri boyu mühafizə tədbirləri ilə əlaqədar 11 kilometr yeni elektron mühafizə hasarı çəkilib”.

C. Əsgərov həmçinin deyib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək standartlara cavab verən, dünyanın ən gözəl, ən müasir hava limanlarından biridir və bu hava limanına “Ən Yaxşı Aeroport” adı verilməsi üçün artıq müraciət edilib. Amma C. Əsgərov bu müraciətin hara edildiyini açıqlamayıb.