Cahangir Hacıyev yenidən hakim qarşısında

cahangir-haciyev-yeniden-hakim-qarsisinda
Oxunma sayı: 759

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edib.

Bundan öncə isə hakim bildirib ki, müdafiə tərəfi yazılı bəzi səbnədlərin alınması və əlavə şahidlərin dindirilməsi ilə bağlı 12 vəsatət verib. Lakin prosesin istintaqsız keçirilməsi ilə bağlı qərar verildiyi üçün vəsatətlər təmin edilməyib.

Ardınca təqsirləndirilən Azad Cavadovun vəkili çıxış edərək müvəkkilinin günahsız olduğunu deyib və bildirib ki, A.Cavdovun evində axtarış aparılandan sonra qapı möhürlənib: “İkinci dəfə axtarışda evdən guya silah tapılıb. Qapı möhürlü halda Azad Cavadov silahı evə necə qoya bilərdi? Axtarışda da bizim iştirakımıza icazə verilməyib”.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib: “İttihamı sübuta yetirmək ittiham tərəfinin işidir. Ancaq onlar bunu sübut edə bilmir. Biz isə təqsirsizliyi vəsatətlərimizlə sübut edəcəyik. Buna görə də məhkəmədən vaxt istəyirik”.

Digər təqsirləndirilən şəxslərin vəkilləri də çıxış üçün vaxt istəyiblər. 

Məhkəmə prosesi mayın 11-də davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. 

Murad Əhməd