Çap mediasının varlığını qoruma yolları

cap-mediasinin-varligini-qoruma-yollari
Oxunma sayı: 1767


İnternet və sosial şəbəkənin sürətli inkişafı ənənəvi mətbuatın, o cümlədən çap mətbuatının mövqeyini zəiflətməkdə davam edir.  Yeni media adlandırdığımız bu mətbuat televiziyanın mövqeyinə də ciddi zərbə vurub. Lakin çap mətbuatının itkilərinin daha ağır olduğu göz önündədir.  Bunun isə əsas səbəblərindən biri təbii ki,  çap mətbuatının  ən sürətsiz KİV olmasından irəli gəlir. 

Bəs yeni medianın çap mediasını bu templə sıxışdırması davam etsə, nə baş verəcək? Bəzi ekspertlər çap mətbuatının gələcəkdə ümumiyyətlə mövcudluğunu itirəcəyinə dair proqnozlar verməkdədir. Bir çox ekspertlər isə əksinə, hesab edir ki, yeni media bazarda vəziyyəti kökündən dəyişsə də, çap mətbuatı öz mövcudluğunu saxlayacaq və onu tamamilə sıradan çıxarmaq mümkün olmayacaq.

2007-ci ildə 30 mln. dollar mənfəət əldə edən ABŞ-ın “Newsweek” jurnalı 2009-cu ildə təxminən elə bu qədər ziyan etdi.  Jurnalın ziyana düşməsinə  onun tirajını itirməsi və reklam bazarının həcminin azalması səbəb olmuşdu. Qeyd edək ki, “Newsweek” 1933-cü ildən buraxılır və populyarlığına görə yalnız ABŞ-ın “Time Magazine” jurnalından geridə qalırdı. Ona görə də, “Newsweek” 2013-cü ildə öz 70 yaşında çap versiyasını dayandırmaq və tam rəqəmləşmək  haqqında qərar qəbul etdi. Lakin cəmi bir ildən sonra jurnal  öz qərarına yenidən baxdı və 2014-cü ildən etibarən çap versiyasını bərpa etdi. “The Economist” və “ The Guardian” kimi nüfuzlu media orqanlarının çap versiyasından tam imtina edəcəkləri haqda proqnozlar da özünü doğrultmadı. Bu, faktlar deməyə əsas verir ki, “çap mətbuatının ləğv olunması bir zəmanə tələbidir” deyənlər xeyli tələsib. 

Almaniyanın nüfuzlu  “Şpiqel”  (Spiegel) jurnalı orta hesabla 1,1 mln həftəlik tirajla satılır. Düzdür, bu dərginin 2004-cü ildə daha çox - 5,69 mln. oxucusu olub (mənbə: http://ru.wikipedia.org/wiki/Der_Spiegel). Türkiyənin  gündəlik  “Zaman” qəzeti təxminən 1,5 mln tirajla dərc olunur.  Bu siyahını davam etdirmək də olar. Amma misal çəkdiyimiz nümunələrdən fərqli olaraq bir çox ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda qəzetlərin tirajı kəskin düşüb və bu tendensiya davam edir. 

Qəzetlərin tirajının aşağı düşməsindən danışarkən, digər amilləri də,  o cümlədən  siyasi, iqtisadi, satış, qiymət  və digər səbəbləri də unutmaq olmaz. Yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, bu səbəblərin hər birinin ayrı-ayrılıqda ənənəvi medianın zəifləməsində öz rolu var.

Qəzetlərin tirajının  düşməsinin səbəblərindən asılı olmayaraq, onun mövqeyinin zəifləməsinin qarşısını almaq üçün müxtəlif yollar araşdırılır. Bu yollardan biri qəzetlərin PDF (Portable Document Format) formasında internet üzərindən satışa çıxarılmasıdır. Qeyd edək ki, PDF formatı Adobe Systems şirkətinin proqramçıları tərəfindən işlənilib. Bu formatın yazılmasının əsas məqsədi poliqrafik məhsulların və mətn sənədlərin elektron variantının  saxlanılması və əks etdirilməsidir. 

Hazırda qəzetlər öz PDF formatlarını hazırlayıb müxtəlif yollarla satmağa çalışırlar. Qeyd edək ki, qəzetlərin PDF formasının böyük üstünlükləri var. Bunlar onun rəngli, effektiv görünüşü, arxivləşdirilməsi, e-poçt vasitəsilə göndərilməsi- yəni, qəzetin sürətinin və operativliyinin yüksəlməsidir. Ən əsası isə qəzetin PDF variantını istədiyin yerdən, mobil banking, elektron ödəmə yolları ilə əldə etmək olar. PDF nüsxələrinin ən əsas üstünlüklərindən  biri də, onların çap formatı ilə müqayisədə 2 və daha çox dəfə ucuz olmasıdır. Qəzetlərin PDF formatı onun on-line variantı deyil, sadəcə çap variantının elektron surətidir. Bu, olduqca vacib amildir. Əks halda, onu heç kim pulla almaz, elə qəzetin internet səhifəsini oxuyardı.

Hazırda Türkiyə, Avropa, hətta Rusiyada öz PDF formatı olmayan qəzetlərin sayı çox azdır. Bu gün PDF nüsxə hər bir çap KİV-i üçün imic məsələsinə çevrilib. Türkiyədə və Rusiyada PDF qəzetlərin  fərdi və vahid mərkəzdən online satış platformaları yaradılıb. İstənilən şəxs, dünyanın istənilən nöqtəsindən istənilən çeşiddə və sayda qəzetləri ala bilər, bu mətbu orqanına bir ay, üç ay və daha çox müddətə abunə ola bilər. Onu da qeyd edək ki, abunə müddəti uzun olduqca, qiymətlərə də ciddi güzəşt tətbiq olunur.

Bəs, bizim ölkədə Azərbaycanda qəzetlərin PDF formatı tətbiq etməsində vəziyyət necədir? Media Consulting and Services MMC-nin monitorinq qrupu bu məsələni araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, bir çox qəzetlər artıq öz PDF formatlarını yaradıblar. Qeyd edək ki, qəzetlərin PDF formatının vahid platformadan satış köşkü  - “mediapark.az” saytı qurulub. Bu sayt vasitəsilə qəzetlərin yalnız bugünkü nüsxəsini deyil, həm də əvvəlki tarixli nömrəsini də almaq olar. Qeyd edək ki, aldığın qəzet sənin şəxsi oxu kabinetində qalır. Bu kabinetdə olan bütün qəzet nüsxələri alıcının şəxsi mülkiyyətdir. Bu qəzetdən istədiyin zaman istifadə etmək olur . 3 may 2013-cü il tarixində Yeni Nəsil JB, Azərbaycan JB, Altun nəşriyyatı və Era S tərəfindən təqdim olunan Media Park layihəsi  PDF qəzetlərin satışı üçün bu günə yeganə və ən yaxşı elektron köşkdür. Doğrudur, bu elektron köşkün  tam mükəmməl olduğunu deyə bilmərik. Çünki burada alış qaydaları kifayət qədər asan və sadə düşünülməyib. Bundan əlavə, aylıq və ya daha uzun müddətə abunə qaydaları nəzərdə tutulmayıb. Buna rəğmən, qəzetlərin bu imkandan tam yararlandığını demək də düzgün olmazdı. Mediapark layihəsinin təqdimatında 10 qəzetin bu saytla müqavilə bağladığı deyilsə də, bu gün təxminən 6-7 qəzet mütəmadi öz PDF versiyasını burada yerləşdirir. Ümumiyyətlə, bu gün Azərbaycan qəzetlərini PDF indeksinə görə 3 yerə bölmək olar:

1. PDF formatı olan qəzetlər

2. PDF formatı olmayan qəzetlər

3. PDF formatı olan, lakin onu mütəmadi yeniləməyən qəzetlər

mənbə: https://www.facebook.com/MediaConsultingServices/photos/a.219420711531445.1073741825.144788582327992/360355870771261/?type=1&theater

Məlum olduğu kimi,  qəzetlərin əsas bazarı olan Bakıda daim sıx nəqliyyat tıxacı yaşanır, şəhərdə qəzet köşklərinin sayı azalıb, metroda qəzet satışı dayandırılıb. Bu amillərin qəzet satışına mənfi təsir etdiyi bir vaxtda belə, qəzetlər öz PDF formatlarını yaratmağa həvəsli görünmür. Bəs bunun səbəbi nədir? Redaksiyaların PDF formatının yaranmasına soyuq münasibəti əsasən aşağıdakı səbəblərlə izah edilə bilər:

1. Bir çox redaksiyalar PDF qəzetlərin satışından ciddi gəlir gözləmir, çünki onlar bir qəzet olaraq artıq bazarı itiriblər. Yəni, bu tip qəzetlərin alınmaması bu gün yalnız satışda yaranan problemlərlə deyil, onlar oxucunun zövqünə və tələbinə uyğun qəzet buraxa bilmirlər.

2. Azərbaycan oxucusu bu yolla pul verib qəzet almaq istəmir. Çünki, həmin məlumatları həm qəzetlərin öz internet səhifəsindən, həm də digər on-line səhifələrdən, sosial mediadan heç bir ödəmə etmədən oxumaq olur.  

Beləliklə, vacib bir məsələ ortaya çıxır. Bu gün Azərbaycanda qəzetlərin on-line variantı ilə çap versiyasının demək olar, fərqi yoxdur. Pulsuz versiya olduğu halda oxucular niyə pullu versiyanı almalıdırlar? Bu, yerli qəzetlərin məzmun və müxtəlifliyində ciddi problemlər olduğunu bir daha təsdiq edir.

Amma PDF qəzetlərin populyar olmamasında təbii ki, vərdiş, kompüter bilikləri, elektron xidmətdən istifadə səviyyəsi,  mentalitet də öz rolunu oynayır. Məlum olduğu kimi, bu gün ənənəvi qəzetləri daha çox orta və yaşlı nəsil oxuyur.  Onlar isə əsasən qəzetləri parkda, ictimai nəqliyyatda, çayxana və s. yerlərdə oxumağa üstünlük verir və həmsöhbətləri ilə qəzetləri bölüşür.  Ona görə də  PDF qəzetləri bir növ bizim oxucuların tələblərinə tam cavab verə bilmir. Qəzetlərin PDF sayın qiyməti çap sayının  pərakəndə qiymətindən iki dəfədən də artıq aşağı olmasına və onu da öz çevrən ilə elektron formada bölüşmək imkanının olmasına baxmayaraq müşahidələrimizə görə hələ ki, PDF qəzet oxucularının sayı çox azdır.

Bundan əlavə, Azərbaycan qəzetlərinin, əsasən da dövlət dilli qəzetlərin PDF-in tam mükəmməl tətbiqi ilə bağlı ciddi problemləri var. Belə ki, “Azərbaycan əlifbasının bərpası haqqında” qanun  1991-ci ildə qəbul olunsa da, latın əlifbası  “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 İyun 2001-ci il tarixli  Fərmana uyğun olaraq, həmin ilin 1 avqustundan etibarən  tətbiq edilməyə başladı. Keçid prosesinin 10 il çəkməsi faktının özü milli mətbuat üçün kifayət qədər problem yaratdı. Kompüter texnikasının sürətli inkişafı dövrünə təsadüf edən bu illər ərzində ondan intensiv istifadə edən təbəqədə, o cümlədən, mətbuat sənayesində kiril əlifbasından istifadə ənənəsi formalaşdı. Bu gün hələ də bir çox qəzetlərdə məqalələr kiril əlifbasında yığılır və bundan sonra latın əlifbasına çevrilir. Bundan əlavə, latın əlifbasında yığılan qəzetlər də səhifələnmə zamanı kiril əlifbasından  istifadə etməyə məcbur olurlar. Sən demə, hazırda latın əlifbasını dəstəkləyən milli heca proqramımız yox imiş. Beləliklə latın əlifbasına keçid haqqında qanun 22 il əvvəl qəbul olunsa da, hələlik onun  tam tətbiqindən danışmaq yersizdir.

Bəs bu problemin həll olunmaması hansı problemlər yaradır? Bugünkü PDF qəzeti tədqiqatçılara, tələbələrə, idarə və müəssisələrə burada dərc olunan məlumatları mətn kimi istifadə etməyə imkan vermir.  Buradan istədiyin məqaləni götürmək, kopyalamaq və ya başqa ofis proqramına atmaq mümkün olmur.  Şriftlər uyğun gəlmir. Beləliklə, mətnlərin milli klaviaturada yığılmaması, milli heca proqramının olmaması, milli qəzetlərimizin tam PDF, yəni  rəqəmsal olmasına imkan vermir. Ona görə də, bü günkü PDF qəzetlər ancaq oxumaq üçün yararlıdır.

Amma məncə, PDF qəzetlərin oxucularının qıtlığına rəğmən, redaksiyalar birlikdə və ya ayrı-ayrılıqda bu problemləri qısa zamanda həll etməyə çalışmalıdırlar. Redaksiyalar  unutmamalıdırlar ki, PDF formatı bir zəmanə tələbidir, imic məsələsidir. Bu gün PDF-dən gəlir gəlməsə belə, onun olması vacibdir. Qəzetlərin PDF səhifəsi bu gün bir növ onların vizit kartıdır.