Cavanşir

cavansir
Oxunma sayı: 1850


Biri vardı, biri yoxdu, Cavanşır adlı yaraşıqlı, hündür boylu, qaraşın bir oğlan vardı. Bu oğlan özünə o qədər vurğundu ki, elə təkcə özünü bəyənirdi. Qonşu qızların Cavanşirə olan konspirativ məhəbbəti oğlanın eqosunu üzünə çıxarmışdı. Məsələn, qapını Cavanşir açır, eqosu özündən əvvəl içəri keçirdi. Atası fəhlə, anası təqüdçü olsa da Cavanşir nə oxuyub təhsil almağı, nə də ağır işlərdə işləyib pul qazanmağı şəxsiyyətinə, pardon, eqosuna sığışdırırdı. Beləcə yaşlı ata və ana evində ərköyün, yekəxana, gərəksiz bir oğul böyütmüşdü.

Qızlar ona xoş gəlmək üçün ilan kimi qabıq qoyurdu. O isə həmin qızları ələ salır, onlara rişxənd edirdi.

Bizim bu Cavanşir aradan təxminən 25 il keçəndən sonra başa düşüb ki, o vaxt Xanlar müəllim nəyə görə onun elçisini qapıdan qovub və “kor pişiyim olsa, yenə də Cavanşirə vermərəm” deyib.

Elçilər qovulanda Cavanşir çox sarsılıb. Keçib güzgünün qarşısına. Baxıb qara iri gözlərinə, uzun qaşlarına, sıx kipriklərinə, balaca, düz burnuna, totuq dodaqlarına, yumru üzünə, soldakı bir dənə qızıl dişinə, sağdakı zənəxdanına, tağ ayırdığı qapqara saçına, uzun boyuna, əzələli qollarına... və düşünüb ki, bu kişinin başı xarab olub, belə oğlanın da elçisini qapıdan qovarlar?

Elə o vaxtdan da Xanlar müəllimin qızı Cəvahirə sahib olmaq üçün qoşulub bir dəstə norka papaqlı, yaxası “Team boys” yazılı, dəri gödəkcəli dostlarına, üz tutub Vilnüsə. Qarşısına məqsəd qoyub ki, çoxlu pul qazanacaq və Xanlar müəllim də Cəvahiri ona verəcək. Sonra orda iki dəfə oğurluq, dörd dəfə narkotika üstə tutulub. Ötən il BOMJ kimi skamyalarda yatmaqdan, dilənməkdən yorulub və əliboş, cibiyaş atıla-atıla gəlib vətəninə. Gəlib görüb ki, atası, anası dünyasını dəyişib. Evləri xarabaya dönüb. Oturub ağlayıb, ağlayıb... Amma əli heç yana çatmayıb...

Bu zaman məhləyə onların evinə kiminsə gəldiyi xəbəri yayılıb. Bir məktəbli oğlan gəlib əvvəlcə. Kim olduğu, bura nə üçün gəldiyi ilə maraqlanıb. Saçı ağarıb dişləri tökülən, beli bükülən Cavanşir bu evin onun öz doğmaca ata evi olduğunu, daha burada yaşayacağını bildirib. Oğlan tez gedib evdən ona ərzaq, paltar gətirib. Sonra başqa qonşular gəlib Cavanşirin görüşünə. Daha sonra qohumlar... Cavanşiri bağrına basıb sevincdən ağlayanlar da olub, təəssüflə başını bulayanlar da.

Həmin oğlan uşağının bir vaxtlar sevdiyi Cəvahirin nəvəsi olduğunu biləndən sonra Cavanşir başa düşüb ki, Xanlar müəllim o vaxt qızını ona niyə vermədi...