Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə deputat Cavanşir Feyziyevin yerinə Tural Gəncəliyev təyin edilib.
Xəbəri rus dilində oxuyun: Джаваншир Фейзиев потерял еще одну должность
Belə ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, Milli Məclisin deputatları – Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətimizin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 16-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Məlumatda qeyd olunub ki, millət vəkilləri Avropa Parlamentinin rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər. Səfər mayın 19-da başa çatacaq.
Qeyd edək ki, Cavanşir Feyziyev 2020-ci ilin aprelində Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin rəhbəri təyin edilmişdi.
Xatırladaq ki, bu ilin aprel ayının 15-də C.Feyziyev Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
Bir müddət öncə sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinq pulun London məhkəməsində müsadirə olunduğu haqda xəbər müzakirə olunmuşdu. Bundan sonra C.Feyziyev məsələ ilə bağlı şəxsi səhifəsində açıqlama verərək məlumatı yayan jurnalistlərdən bəzilərini təhqir etmişdi.