Cavanşir Quliyev də Şuşaya getdi

cavansir-quliyev-de-susaya-getdi
Oxunma sayı: 5047

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Şuşaya səfər edib.

Hazırda Şuşada olan C.Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sonuncu dəfə 34 il öncə bu şəhərdə olub: “Bu gün bura xaricdə yaşayan azərbaycanlı soydaşlarımız səfər edir. Bildiyim qədəri ilə bu gün bir ilk oldu. Biz “Zəfər yolu” ilə gəldik.

Mən Şuşada sonuncu dəfə 1987-ci ildə olmuşam. Xankəndidə bir tamaşaya musiqi yazırdım. Gündüz gedirdik işləməyə, axşam Şuşaya qalmağa gəlirdik. Ondan sonra Şuşada olmamışdım. Bu gün uzun müddətdən sonra ilk dəfədir gəldim. Təbii ki, güclü duyğular, xatirələr var. Mən uşaqlığımın böyük hissəsini Şuşada keçirmişəm. Xüsusilə yaylağa gələrdik.

Şuşanın qayıtması, xalqımız üçün çox önəmli bir hadisədir və biz Şuşanı tikməliyik, qurmalıyıq, düzəltməliyik. Madam ki, bu şəhər bizim mədəniyyət paytaxtımızdır, daha gözəl olmalıdır və ümid edirəm ki, olacaq. Mən fürsətdən istifadə edərək bir vətəndaş olaraq Şuşanı bizə qaytaran əsgərlərimizə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Tanrı ordumuzu, Ali Baş Komandanımızı və millətimizi qorusun".

Qeyd edək ki, C. Quliyev uzun müddətdir ki, Şimali Kipr Türk Cümhuriyyətində yaşayır.

Tural Hüseynli