Cavid Çağların uydurduğu hekayə...

cavid-caglarin-uydurdugu-hekaye
Oxunma sayı: 3939

Türkiyənin T24 saytında həmin ölkənin keçmiş dövlət naziri, iş adamı, media sahibkarı Cavid Çağların müsahibəsi yayımlanıb. Müsahibə Cavid Çağların “Fırtınalı bir yaşam hekayəsi” adlı kitabı əsasında hazırlanıb. Heç bir ali təhsili olmayan müəllif kitabında və müsahibəsində özünü nəinki Türkiyənin, hətta bütün dünyanın 1 nömrəli siyasət adamı kimi qələmə verərək az qala SSRİ-nin dağılmasından sonra dünya nizamını quran şəxs elan edir. Sən demə, dünyanın  supergücləri öz qərarlarını məhz Cavid Çağların məsləhətləri əsasında verib və o, hələ də öz nəsihətçi mövqeyini qoruyub saxlayır. Saytın həmsöhbəti reallıq hissini o qədər itirib ki, Rusiya və ABŞ arasındakı Ukrayna ilə bağlı qarşıdurmanı da qısa müddətdə çözə biləcəyini iddia edir. 

Əlbəttə, memuar yazan insanların özlərini hadisələrin mərkəzinə çəkmək cəhdi müəyyən qədər başa düşüləndir. Vaxtilə Türkiyədə mərhum prezident Süleyman Dəmirəlin pul kisəsi kimi tanınan, zaman-zaman maliyyə qalmaqalları ilə gündəmə gələn, bir müddət  ABŞ-da həbsxana həyatı yaşayan Cavid Çağlar kimi, yumşaq desək, mənfi reputasiyalı birinin özünü Türkiyənin “boz kardinalı” zənn etməsi olduqca qeyri-ciddidir.  Əlbəttə, belə qeyri-ciddi bir müsahibəyə diqqət yetirməmək olardı. Ancaq Çağların müsahibəsində Azərbaycanın yaxın tarixi ilə bağlı sözün əsl mənasında hədyanlar səsləndirərək  özü haqqında “Heydər Əliyevi iqtidara gətirən adam” təəssüratı yaratmağa çalışmasına göz yummaq mümkün deyil. 

Cavid Çağların iddiasına görə, Azərbaycanın eks prezidenti Əbülfəz Elçibəy Türkiyədə keçirilən Qaradəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısından sonra möhkəm sərxoş olub,  onunla eyni süfrədə xirtdəyəcən içmiş digər türkdilli dövlət başçılarının kinayəsinə məruz qalıb, gecə rezidensiyasını tərk edib və bir taksidə tapılıb. Bundan sonra Cavid Çağlar Süleyman Dəmirələ Elçibəyi iqtidardan “yola salmağı” və prezident kürsüsünü o zaman Naxçıvan Ali Məclisinə rəhbərlik edən Heydər Əliyevə həvalə etməyi təklif edib. Guya məhz onun təklifindən sonra Türkiyə bir dövlət olaraq hərəkətə keçib və Azərbaycanın iç işlərinə müdaxilə edərək hakimiyyəti dəyişib. 

Əvvəla, Cavid Çağların bəhs etdiyi dövr o qədər də uzaq keçmiş deyil. O günləri kifayət qədər yaxşı xatırlayan insanlar nəinki həyatda, hətta ictimai-siyasi proseslərin içindədirlər. Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyənin həm bizim ölkəmizdə, həm də regiondakı hər hansı başqa dövlətdə hakimiyyət dəyişikliyi həyata keçirəcək qədər gücü, təsir imkanı yox idi. 

İkincisi, Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etmiş, SSRİ kimi nəhəng dövlətin aparıcı simalarından biri olmuş, DTK kimi dünyanın ən önəmli  xüsusi xidmət orqanlarının generalı olmuşdu. Belə bir şəxsiyyəti nəinki hakimiyyətə gətirmək, hətta Cavid Çağlar müəyyən bir diplomatik nümayəndə heyətinin tərkibinə daxil olardısa, salam vermək Türkiyənin tez-tez dəyişən nazirləri üçün böyük şərəf sayılırdı.  Bəli, Azərbaycanın və Türkiyənin mərhum prezidentləri arasında səmimi dostluq münasibətləri olub. Amma bu münasibətlərin formalaşmasında və inkişafında Cavid Çağlar deyil, tarixi şərtlər, siyasi təcrübələr və gələcəyə baxışlar rol oynayıb. İndi Çağların özünü tarixin, təcrübənin, gələcəyin yerinə qoyması ən yaxşı halda təbəssüm doğura bilər. 

Müsahibədən açıq-aydın görsənir ki, Cavid Çağlar nəinki nazir olduğu dövrdə, hətta üstündən on illər keçəndən sonra da Azərbaycan haqqında dolğun təsəvvürlərə malik deyil. Nəticədə natamam və fürsətçi yanaşması onu Azərbaycan tarixini təhrif etməyə sövq edir. Əbülfəz Elçibəy Türkiyədə keçirilən beynəlxalq tədbirdə içə və keflənə bilərdi, amma bu olay baş verməsə belə, onun hakimiyyətdə qalması mümkünsüz idi. 

Elçibəy iqtidara meydan hərəkatından və ideoloji ziddiyyətlərlə dolu AXC-nin sədri kimi gəlmişdi. O, oxlokratik bir hakimiyyətə rəhbərlik edirdi. Bir-birinə zidd insanların yüksək vəzifələrdə təmsil olunduğu, dövlətin ən ali vəzifəli şəxsinin göstərişlərinə məhəl qoyulmadığı,  hakim elitanın əsas üzvlərinin birinci posta iddia etdiyi bir oxlokratik bir iqtidar nə davamlı ola, nə də ölkənin problemlərini həll edə bilərdi.  Elə bu səbəbdən də Elçibəy iqtidarı ölkənin sosial-iqtisadi problemlərini həll edə bilmədi, xaos və anarxiyaya rəvac verdi, Qarabağ savaşında üzləşdiyi ərazi itkiləri ilə öz nüfuzunu tamamilə itirdi. Elçibəyin iqtidara gəlməsindən cəmi bir il sonra Rusiyanın müəyyən qüvvələrinin təsir dairəsində olan Surət Hüseynovun hərbi hissələri hakimiyyətə Nəvai yaxınlığından ultimatumlar verirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi və indi Cavid Çağların sözlərindən belə çıxır ki, Azərbaycanı bu acınacaqlı vəziyyətə onun ssenarisi salıbmış...

Elçibəy hakimiyyətinin üzləşdiyi iyun böhranı zamanı tezliklə bəlli oldu ki, xalq AXC-Müsavat iqtidarını dəstəkləmir və Azərbaycanın xilaskarı kimi məhz Heydər Əliyevi görür. Heydər Əliyev Naxçıvandan Bakıya Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruya biləcək təcrübəli siyasi xadim olaraq xalqın tələbi ilə gəldi və qısa zamanda həyatı bahasına müstəqilliyi dövlət institutuna çevirdi. Azərbaycan xalqının isə Cavid Çağlar adlı ideoloqu, ictimai rəy lideri heç zaman olmayıb. Bunun müqabilində, xalqımız çox yaxşı xatırlayır ki, Heydər Əliyev iqtidara gəldikdən sonra onu qiyamla, çevrilişlə hakimiyyətdən uzaqlaşdırmağa dəfələrlə cəhd göstərilib və bu cəhdlər bir çox hallarda ya birbaşa, ya da dolayısı ilə Türkiyə hökumətləri tərəfindən dəstəklənib. Rövşən Cavadovun məşhur “mart qiyamı”nda  Türkiyənin Azərbaycandakı  böyük  elçisi dövlət çevrilişinə cəhdin arxasında dayanan fiqurlardan idi. Lakin Heydər Əliyev kifayət qədər yüksək iradə nümayiş etdirərək Azərbaycana qarşı qurulan bütün planları pozdu və  ölkəmizi xuntaya təslim etmədi.

Taleh Şahsuvarlı