"Qafqazinfo" həmin müraciəti təqdim edir:
"Cənab Prezident, Milli mətbuatın 140 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunmasından bir neçə gün sonra jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən olay hər birimizi içdən ağrıtdı. Mətbuat günündə medianı təltif edən dövlət başçısı kimi Sizin belə ağır gündə baş vermiş hadisəni şəxsən nəzarətə götürməniz sözün həqiqi mənasında mətbuatın dostu olmanızı bir daha təsdiqlədi. Həm bayramımızda, həm də faciəmizdə bizimlə birgə olmanız azad sözə və azad mediaya dövlətin ən böyük dəstəyidir. Mərhum həmkarımızın ölümü bizim hər birimizi kədərləndirdi. Sizin, medianın dostu olaraq, bu hadisəni şəxsən nəzarətə götürməniz həmkarımız Rasim Əliyevin qatillərinin öz cəzasını alacağına tam inam yaradır.
Cənab Prezident!
Baş vermiş cinayətlə bağlı həbsdə yatan “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynov Azərbaycan bayrağının rəqib klubun azarkeşləri tərəfindən təhqir olunmasına etiraz edib. Onun “Qəbələ”futbol klubunu növbəti mərhələyə çıxaran qolu milli və idman şərəfimizin qorunması idi. Sonradan baş verən olayları istintaq aydınlaşdıracaq və Cavid Hüseynovun bu hadisədə iştirakını müəyyənləşdirəcək.
Cənab Prezident!
Cavid Hüseynovun “Qəbələ ” futbol klubunun növbəti oyununda azarkeş qismində belə iştirakı həm futbolçularımıza, həm də xalqımıza böyük ruh yüksəkliyi gətirərdi. Azərbaycan bayrağının şərəfini qoruyaraq həbsdə olmuş Ramil Səfərovun mümkün görünməyən azadlığına nail olan, dünyanın ən uca bayrağı kimi Bakıda Bayraq Meydanının yaradılmasına imza atan, son Avropa Oyunlarında Azərbaycan bayrağının ucaldılmasından və himnimizin səsləndirilməsindən yüksək qürur hissi keçirən Sizə müraciət edirik. Hazırda həbsdə olan “Qəbələ”futbol klubunun oyunçusu Cavid Hüseynovun vətənpərvərliyini, bayraq sevgisini, onun ittiham olunduğu maddənin ictimai təhlükəliliyinin az olmasını nəzərə alaraq, futbolçunun məhkəmə hökmünə qədər zaminə buraxılmasına yardımçı olmanızı xahiş edirik!
Dərin Hörmətlə,
“Ədalət” qəzetinin təsisçisi, millət vəkili – Aqil Abbas
“Futbol+” qəzetinin baş redaktoru – Mahir Rüstəmli
“Türküstan” qəzetinin baş redaktoru – Aqil Camal
“Gündəm Xəbər” qəzetinin baş redaktoru – Şirin Cəfəri
“Gün” qəzetinin baş redaktoru – Fikrət Fərhadoğlu
Poliqon İnformasiya Agentliyinin baş redaktoru – Azər Qaramanlı
Savash.org saytının baş redaktoru – Zülfüqar Savaş
Dünya İnformasiya Agentliyinin baş redaktoru – Məhəmməd Ərsoy
Moderator.az saytının baş redaktoru – Zülfüqar Hüseynzadə
Bölgə Xəbər internet televiziyasının təsisçisi – Vasif Turan
Tərəf.info saytının baş redaktoru – Nurəddin Xoca
Gündəminfo.az saytının baş redaktoru Razi Abbasbəyli
İdeologiya.az saytının baş redaktoru – Teylor Fətişoğlu
Xalqxeber.az saytının baş redaktoru – Peyman Sadıqlı
Dosye.org saytının baş redaktoru – Elman Nigaran
Cumhuriyyet.az saytının baş redaktoru – Nəsimi Şərəfxanlı
***
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlum müraciətlə bağlı məlumat yayıb: "Bu gün bəzi saytlarda futbolçu Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı bir qrup media təmsilçisinin müraciətində mənim də adım qeyd olunub.
Bildirmək istəyirəm ki, müraciətin təşəbbüsçüləri dünən mənimlə əlaqə saxlayıblar. Müraciətin mətnini istəmişəm. Bu gün isə belə bir xəbərin yayıldığını haqqında məlumat aldım. Dəqiqləşdirəndə, bildirdilər ki, müraciəti çatdırmaq imkanı olmayıb..."
Aqil Camal və Ruslan Bəşirli adının siyahıdan çıxarılmasını istəyib.
***
Poliqon İnformasiya Agentliyinin baş redaktoru Azər Qaramanlı da adının siyahdan çıxarılmasını istəyib.
***
Gundeminfo.az saytının baş redaktoru Razi Abasbəyli də “Qafqazinfo” ilə əlqə saxlayaraq yayılan sıyahıya adının əlavə olunmasından xəbərsiz olduğunu deyib: “Bununla bağlı olaraq bizə heç bir müraciət daxil olmayıb. Həmkarımızın öldürülməsinə faktına görə, bizlərin belə bir müraciətə imza atmamamız etik görünmür”.