“Cavid Hüseynovun günahsızlığı sübuta yetiriləcək” - Vitse-prezident

cavid-huseynovun-gunahsizligi-subuta-yetirilecek-
Oxunma sayı: 1327

Bu gün Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunlarına start verilib.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, “Qəbələ” doğma meydanda “Zirə”ni 4:1 hesabı ilə məğlub edərək (ilk oyunda 2:1 hesablı qələbə), növbəti mərhələyə adlayıb.

Qəbələ şəhər stadionundakı matçdan sonra "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

- Oyunla bağlı fikirləriniz necədi?

- Belə asanlıqla qalib gələcəyimizi gözləmirdim. Uşaqlar əvvəldən axıra kimi istədiyimiz oyunu nümayiş etdirdilər. Yarımfinalda özümüzə uğurlar arzulayıram.

- Arzuladığınız "Qəbələ"ni bu gün gördüz, yoxsa komandada müəyyən çatışmazlıqlar var?

- Müəyyən çatışmazlıqlar var. Bunu görmək üçün mütəxəssis olmaq lazım deyil. Amma ideala yaxınlaşırıq.

- Rəşad Eyyubov ardıcıl 2 oyundu qol vurur. Onun çıxışı sizi razı salırmı?

- Mən razı saldığını deyə bilərəm. Amma əsas odu ki, baş məşqçini razı salsın. İnanıram ki, məşqçi ondan razıdı və buna görə Rəşadı tez-tez heyətdə görürük.

- Klubda canlanma hiss olunur...

- Bu bizdə tipik, hər il baş verən haldı. Sırf bizə aid olan, gözlənilən bir şeydi.

- Bu gün azarkeşlər əvvəlki oyunlara nisbətən, çox idi...

- Bu gün məktəbdə aksiya keçirdik. Onlara şərait yaratmışdıq ki, bu oyunu tribunadan izləsinlər. İnanıram ki, stadiona gələn yeniyetmələrdən azarkeşlər qazana biləcəyik.

- Azarkeşlər bu gün Cavid Hüseynovu yad etdilər...

- Səhv etmirəmsə, bu gün onun ad günüdü. Bilirsiz ki, uğurlu futbolçularımızdan biri olub. Buna görə də, azarkeşlərimizin yaddaşında qalıb. Biz də Cavidi təbrik edirik. İnanırıq ki, günahsızlığı yaxın müddətdə sübuta yetiriləcək.

- Yarımfinalda hansı komandanı rəqib görmək istərdiz?

- Əgər kuboku qazanmaq istəyiriksə, bunun fərqi yoxdu. Qarşımıza kim çıxarsa, ona qalib gəlməliyik.

- Avrokuboka gedən ən asan yol ölkə kubokundan keçir...

- Mən belə deməzdim. Biz kuboku qazanmaq istəyirik. Çempionatda da var gücümüzlə sona kimi mübarizə aparmaq əzmindəyik.

- Bu gün qazanılan qələbə "Zirə" ilə çempionat oyunundan əvvəl rəqibin aldadıcı gedişi ola bilərmi?

- Hər şey ola bilər. Çalışacam ki, məşqçinin toplanışlarında iştirak edim. Çempionat və ya kubokun fərqi yoxdu. Bütün oyunlara eyni cür köklənməliyik. Rəqibin hansı taktikaya üstünlük verməyindən asılı olmayaraq, biz öz oyunumuzu oynamalıyıq.

- Hesabın bu cür böyük olması nə ilə bağlıdı: erkən qolla, yoxsa istəklə?

- Məncə, istəklə. Futbolçular kubok oyununa daha çox köklənmişdilər. "Zirə" ilə hər iki matçda onlar özlərini sübut etmək istəyirdilər. Çünki əvvəlki görüşlərdə qol vəziyyətlərdə yaradıb, istifadə edə bilmirdik.

- Çox güman ki, bu il də avrokuboklara qatılacaqsız. Bu il "Qəbələ"nin beynəlxalq arenada məqsədi nə olacaq?

- Minimum qrupa düşməyi qarşımıza hədəf qoymuşuq. Artıq bu vaxta kimi, Azərbaycan klubları 4-5 dəfə bunu bacarıblar. Bu, hər dəfə olmalıdı. Bizim futbol o səviyyədə deyil ki, yarımfinala iddia edək.

- Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsiz?

- Mənə elə gəlir ki, inkişaf var. Daha sürətli olmasını istərdik. Amma bu, mümkün deyil. Zamana ehtiyacımız var.

- Premyer Liqada güclü rəqabətin olduğunu demək istəyirsiz?

- Real danışsaq, əvvəlki illərdəki kimi deyil. Bu da məlum səbəblərə görədi. Artıq 10 il əvvəlki vəziyyətdə deyilik, arada fərq var. Akademiyamız 6 ildi yaradılmağına baxmayaraq, Premyer Liqada bir çox oyunçularımız çıxış edir. Aşağı yaş qruplarında 20-30 potensiallı uşaq yetişir. Mütəxəssislərin fikrincə, 5-6-sı Avropada oynayacaq səviyyədədi.

- Yayda daha səviyyəli legionerlər dəvət etmək fikriniz varmı?

- Biz həmişə çalışmışıq ki, komandaya yaxşı oyunçular götürək. Bu vaxta qədər Aleksey Qay, Marat İzmaylov kimi legionerləri komandaya dəvət etmişik. Bilirsiz ki, cavan əcnəbiləri Azərbaycana gətirmək çətindi. Amma istəyirik ki, komandamızın, məşqçimizin sisteminə uyğun futbolçuları dəvət edək. Həmin oyunçu ulduz olmaya bilər, əsas odu ki, çempionatımızın səviyyəsinə uyğun olsun.