“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Məmmədov bildirib ki, bu işin hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əmindir:
“Lakin çox təəssüf hissi ilə qeyd etməliyəm ki, mərhum Rasim Əliyevin jurnalist peşəsi ilə əlaqədar deyil, yəni yazıb əməkdaşlıq etdiyi rəsmi mətbu orqanlarından birində dərc etdirdiyi və ya dərc üçün nəzərdə tutulmuş məqaləsinə görə deyil, məişət zəminində baş vermiş davada ölməsi faktını, bir sıra yüksək çinli şəxslər hüquqi savadsızlıqdan və ya hansısa maraqlardan irəli gələrək siyasiləşdirməyə cəhd edirlər. Bu da istintaqa təzyiq göstərərək, müdafiəçisi olduğum Cavid Hüseynovun vəziyyətinin ağırlaşmasına və istintaqın qabaqcadan bəlli olan istiqamətə meyllənməsinə səbəb olur. Bunlar içərisində Avropa Şurasının baş katibi Tyorborn Yaqland kimi nüfuzlu bir şəxsin bəyanatı xüsusilə təəssüf doğurur”.
Vəkil qeyd edib ki, hələ ibtidai istintaqın getdiyi bir dövrdə və hadisələrin əsl motivlərinin tam bilinmədiyi bir mərhələdə, məsələni məhz “jurnalist ölümü” kimi səciyyələndirilməsi istintaqa təzyiqdir:
“Cənab Yaqlandın yüksək tribunalardan hadisə tərəflərindən yalnız birinin mövqeyinə uyğun bəyanatlar səsləndirməsi, mətbuatın və ictimai rəyin müdafiəçisi olduğum şəxsin əleyhinə səfərbər olunmasına və istintaq orqanlarının psixoloji təzyiq altında fəaliyyət göstərmələrinə səbəb olmaqdadır. Mən cənab Yaqlandın belə məsuliyyətsiz və tələsik davranışını yalnız onun ixtisasca iqtisadçı olması və hüquqi bilgilərinin lazımı səviyyədə olmaması ilə əlaqələndirirəm. Əks halda, o bilməli idi ki, onun, Avropa Şurasına üzv dövlətlərin məhkəmə-hüquq sisteminə təzyiq edən belə bəyanatları, qulluq səlahiyyətlərinin aşılması faktıdır və bütün beynəlxalq hüquq normalarının (“Ümumdünya İnsan Haqları Bəyannaməsi”nin 7 və 11-ci maddələrinin, BMT-nin “Mülki və Siyasi Hüquqlar Haqqında” Paktının 14.1 və 14.2 maddələrinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1 və 6.2 maddələrinin; və nəhayət Avropa Şurası Nizamnaməsinin 3-cü maddəsinin) onun tərəfindən kobud surətdə pozulması halıdır”.
Adəm Məmmədov bu səbəbdən Yaqlandı məhkəməyə verməyə hazırlaşdığını deyib:
“Mən cənab Yaqlandın bu davranışının, hüquqlarını müdafiə etdiyim şəxsin istintaqına təzyiq göstərdiyini və vəziyyətinin ağırlaşmasına səbəb olduğunu, eləcə də onun gələcək professional karyerasına əhəmiyyətli ziyan vurduğunu nəzərə alaraq, cənab Tyorborn Yaqlandın məhkəməyə verilməsi ilə bağlı lazımi sənədlərin toplanmasına başlamışam. Avropa Şurasının Nazirlər Komitəsindən xahiş edirəm ki, cənab Yaqlandın bu davranışının hansı qanunvericiliyə əsaslanması və onun bu bəyanatlar üçün Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən səlahiyyətləndirilib, səlahiyyətləndirilməməsi barədə bizə rəsmi, yazılı izahat təqdim etsin”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər