“Cavidə 10 şərf alacam, hər gün birini geyinsin” - Qriqorçuk

cavide-10-serf-alacam-her-gun-birini-geyinsin
Oxunma sayı: 2503

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının XIX turunda “Kəpəz”ə səfərdə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. 

“Qafqazinfo” “Sport24.az”a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis öncə matçı dəyərləndirib.

- Bu gün çox vacib qələbə qazandıq. Bununla fəxr edirik. Çünki bunu komandanın çətin vəziyyətində əldə etdik. Qazandığımız 3 xal ilk növbədə özünəinamın artmasına imkan yaradacaq. Bu, indiki məqamda qələbədən daha vacibdi. 
 
- Kapitan Cavid Hüseynovun yoxluğu nəylə bağlı idi?
- O, Qəbələdə olduğumuz zaman - sırağagün zədələndi. Özü də bu, tennisbol oynayan zaman oldu. İnanılmaz zədə oldu. Bildiyiniz kimi, bu oyun zamanı təmas olmur. Ancaq buna baxmayaraq, Cavid zədə aldı və ayağına 6 tikiş qoyuldu. Çətin vəziyyətdə olduğumuz zaman kapitan bizə lazım idi, ancaq zədə üzündən bizə kömək edə bilmədi. Şükür Allaha ki, Hüseynov olmasa belə, qələbə qazandıq. Ona tezliklə sağalmağı arzulayıram. Yeri gəlmişkən, bu gün onun ad günü idi, təbrik edirəm.
 
- Cəzalı Vojislav Stankoviçin yoxluğunda mərkəz müdafiəçisi mövqeyində Rasim Ramaldanovu gözləmək olardı. Ancaq ona yenə şans vermədiniz... 
- Bununla bağlı dərin təhlil aparmışıq. Bu, mənim qərarımdı və belə seçim daha məqsədəuyğun idi. 
 
- Bu gün hədsiz emosional idiniz. Bu da hakimin qərarlarıyla bağlı idi...
- Bu haqda danışmaq istəmirdim. Ancaq sual verdiniz, təbii ki, cavab verəcəyəm. Həmin hakimlərə böyük hörmət bəsləyirəm. Ancaq baş hakimin bəzi epizodlarda rəqib futbolçulara sarı vərəqə verməməyi məni narazı saldı. İndi də bu, yadıma düşür, əsəbiləşirəm. Belə münasibət məni çox hiddətləndirdi. 
 
- Stiven Jozef-Monrozun kənarda qalmasının səbəbi nə idi?
- O, hələ ki, zədəlidi. Müalicəsi davam edir, Fərdi məşq edir. 
 
- Bu qələbəni kimə həsr edərdiniz - azarkeşlərinizə, yoxsa Cavidə?
- Daim azarkeşlər üçün oynayırıq. Ancaq bu qələbə bütün komandanın adıyla bağlıdı. Konkret kiməsə həsr etmək düzgün olmazdı. Cavidə isə şərf alacam. Bunu ona söz vermişəm. Ən azı 10 şərf ki, hər gün birini geyinsin. Onun boğazında problemi olsa da, şərf taxmır, özünü soyuqdan qorumur. Buna görə şərflərinin olması lazımdı.