Cəbhəçini necə tutdular?

cebhecini-nece-tutdular
Oxunma sayı: 1128


Martın 26-da Bakı polisinin Binəqədidəki inzibati həbs məntəqəsindən buraxılan Türkel Əlisoy “Azadlıq” qəzetinə açıqlama verib. Cəbhəçi bildirib ki, martın 5-i axşam saatlarında Fəvvarələr meydanı ərazisində gəzərkən tanımadığı bir xanım ona zəng edib: “Dedi ki, Bəhruz Həsənlinin (AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli fevralın 27-də tutularaq 20 sutka inzibati həbs cəzası almışdı – red.) dostudur və ona sovqat göndərmək istəyir, bir saat sonra şəhərin mərkəzində görüşməyimizi istədi. Mən də razılıq verdim. Bir saatdan sonra təkrar zəng edib dedi ki, Malakan bağı tərəfdədir. Ora gedəndə “Xaqani” Ticarət Mərkəzinin yanında 4 nəfər mülki geyimli şəxs qolumu buraraq Fransa səfirliyinin qarşısında saxladıqları maşına mindirdilər”.

Türkel Əlisoy Xətai Rayon Polis İdarəsinə aparıldığını, orada təhqir və təhdid olunduğunu bildirib. O qeyd edib ki, martın 5-də onu Xətai polisinin 35-ci polis bölməsinə aparıblar, səhərə kimi əllərini və ayaqlarını stula bağlı vəziyyətdə saxlayıblar, yemək, su, siqaret verməyiblər, vəkillə, evlə əlaqə saxlamağa şərait yaratmayıblar. Martın 6-da isə ona polisə müqavimət ittihamı ilə 20 sutka həbs cəzası kəsilib.