Cəbhədə irəlilədik - Bəs informasiya müharibəsi?

cebhede-ireliledik-
Oxunma sayı: 2521

Texnologiya əsrində müharibə sadəcə cəbhədəki silahlarla getmir. Beynəlxalq aləmdə tanınmaq və istəklərini həyata keçirə bilmək üçün informasiya savaşında da qalib olmaq mütləqdir.

Cəbhə xəttində xeyli irəliləyən Azərbaycan informasiya mübadiləsində də özünü tam doğrulda bilibmi?

“Qafqazinfo” bu suala cavab tapmaq üçün bir neçə sosial şəbəkənin statistikasına nəzər salıb.

Dünya miqyasında xəbər və siyasi baxımdan daha böyük nüfuza malik olan tvitter sosial şəbəkəsində son 1 həftə ərzində Qarabağla bağlı istifadəçilər xeyli tvit yazıb. Sözügedən məsələ ölkə gündəmində əsas mövzu olsa da, dünya miqyasında gözlənilən rəqəmlərə yetişə bilməyib.

Belə ki, tvitterdə “KarabakNow” həştəqindən ümumilikdə 30 mindən çox istifadə olunub. Bu tvitlərin 7 mini azərbaycanlılar tərəfindən yazılıb. Unikal tvitlərin ən çox olduğu gün 4 apreldir və sözügedən həştəqlə 13 mindən çox tvit yazılıb.

Retvit (paylaşım) olunma isə 31 mindən çoxdur.

Sözügedən haştaq Rusiya tvitter gündəmində də olub.

“Karabakh” həştəqindən 9 140 dəfə istifadə olunub və 5 024-ü azərbaycanlılar tərəfindən yazılıb.

Retvit olunma isə 4 886-dır.

Həştəq 4 aprel tarixində həmçinin Fransa, Polşa, Ukrayna, Kanada, Rusiya, Lübnan və Belarusiya tvitter gündəminə düşüb.

Digər çox istifadə olunan həştəq isə “Qarabağ”dır. Bu həştəqlə 1 449 tvit yazılıb və 679 dəfə retvit olunub.

Həştəqlərdən istifadə edənlərin böyük əksəriyyəti - 79%-i isə qadınladır.

Feysbukda da vəziyyət təxminən eynidir. Ölkəmizdə daha məşhur olan sosial şəbəkə istifadəçiləri “KarabakhNow”, “Karabakh” həştəqlərindən 30 mindən çox istifadə ediblər. Müdafiə Nazirliyinin rəsmi saytı gün ərzində 100 min bəyənmə toplayaraq rekord nəticə əldə edib.

İnstaqramda isə həştəqlərdən istifadə olunma göstəriciləri belədir: “Karabakh” – 23 575, “Qarabag”- 15 642, “Qarabağ” – 9422, “Karabakhnow” – 6477, “Karabağ” – 4506, “Karabagh” – 3847.

Burada Qarabağın adına bir neçə səhifə yaradılıb və hər birinin istifadəçilərinin sayı 10 mindən artıqdır.

Xəbər verdiyimiz kimi, “Google Trends” xidməti baş verən hadisələrdən sonra “Karabakh” sözünün quqlda (google) axtarışının 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatdığını göstərib.

İnformasiya texnologiyaları mütəxəssisi Emin Hüseynzadə məsələni şərh edən zaman tvitter istifadəçilərinin feysbukla müqayisədə daha aktiv olduğunu bildirib:

“Hər iki sosial şəbəkədəki aktivliyimizi müqayisə etdiyimiz zaman görürük ki, tvitterdə mövzuyla bağlı həştəqlərdən feysbuka nisbətdə dəfələrlə çox istifadə olunub. Bu onunla bağlıdır ki, insanlar tvitterə sırf məlumat almaq və ya məlumat çatdırmaq üçün daxil olur. Avropa ölkələri ilə müqayisə etsək, tvitter nə bizdə, nə də ki Ermənistanda elə də məşhur deyil.Hətta Ermənistanda bizdən daha az istifadə olunur. Beynəlxalq arenada isə bu şəbəkə daha populyardır”.

E. Hüseynzadə sosial şəbəkə istifadəçilərinin məsələyə daha çox neytral yanaşdığını söyləyib. Onun fikrincə, bu, alqışlanacaq bir haldır. Çünki məlumat birtərəfli olmayanda, təşviqat xarakteri daşımayanda insanlara daha tez ötürülür və beynəlxalq sferaya çıxa bilir:

“Bəli, son günlər informasiya mübarizəsində aktivliyimiz xeyli artdı, ancaq bu, qənaətbəxş deyil. Bunun üçün də, ilk olaraq beynəlxalq jurnalistikaya üstünlük verilməlidir. Jurnalistlərimiz, ictimai adamlar beynəlxalq təşkilatlar, nüfuzlu şəxslərlə işləməyi bacarmalıdır. Nə qədər ki, müharibə şəraitindəyik, münaqişələr tam sonlanmayıb, biz informasiya mübarizəsində də özümüzü inkişaf etdirməliyik. Yazılar sadəcə ingilis, Azərbaycan dillərində yox, digər dillərdə də paylaşılmalıdır”.

Günel Hacı