Cəbrayılda ağ fosfor tərkibli mərmilər aşkarlandı - Fotolar

cebrayilda-ag-fosfor-terkibli-mermiler-askarlandi
Oxunma sayı: 1563

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılılıb.

Agentlikdən "Qafqazinfo"ya verilən məlumata görə, mütəxəssislər tərəfindən qeyd olunmuş ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib.

Qeyd edək ki, ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin hələ 2016-cı ilin 17 may tarixli bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxsləri və mülki obyektlərini ağ fosfor mərmisindən atəşə tutmasına dair məlumat verilmişdi. Bildirilirdi ki, 2 apreldən başlayaraq son gərginlik və hücum hərəkətləri zamanı Ermənistan silahlı qüvvələri qəsdən və çoxsaylı əsasda Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə edib.