Cəhalət və nifrət

cehalet-ve-nifret-
Oxunma sayı: 1853


Neçə gündür ağlımda fırlanıb duran “Sabirabaddakı hadisə” barəsində yazmaq istəyirəm. Çoxları kimi mən də məlum videonu narahatçılıq hissi ilə izlədim. Əslində bu videoda gördüyümüz insanlar bizə tanışdır. Bu tip vəhşiliklər edən insanlar bizdə kifayət qədər var. Orda döyülən, söyülən sırğa taxmış bir gənc də ola bilərdi. Şiddət törətməyə meyilli bir insana sadəcə bəhanə lazımdır.

Belə bir “partlayış” çoxdan olmalı idi. Videonu izlədikdən sonra şərhlərə, oxucuların reaksiyalarına baxdım. Vəziyyətin olduqca kritik vəziyyətə çatdığını şərhlərdən də rahatlıqla anlamaq mümkün idi. İnsanlar kin və nifrət hissi ilə dolub daşır, ölüm, müharibə, qan istəyirlər. Bu hadisə çoxlarını sevindirir, düşünürlər ki, şiddət yolu ilə Vəhabiləri, o cümlədən özləri üçün təhlükə olaraq gördükləri hər kəsi yox edə bilərlər. 

Sabirabaddakı hadisə, Xalq yazıçısısının kitablarının yandırılması kimi hadisələr barbarlıq əlamətləridir. Formalaşan aqressiv cəmiyyət xeyrə əlamət deyil. Acınacaqlısı isə o dur ki, bu yaxınlarda söhbət etdiyim iyirmi bir yaşlı qohumum oxuduğu surələrin mənasını  bilmir( 1 ildir namaz qılır) amma şəriat dövlətindən danışır. Bu başı boş kütlə gözümə biraz təhlükəli, biraz da şübhəli görünür. Amma yenə də qarşılarında dayanan kifayət qədər savadlı gənclər də var. Arzum o dur ki, olmayan şeylərdən problem yaratmayaq. Bir-birimizdən nifrət etmək əvəzinə, fərqlilikləri birlikdə yaşada bilən bir toplum yaradaq. Bunun üçün də geydirmə təhsil sisteminə əl gəzdirmək, uşaq yaşından bu mövzularda maarifləndirmə aparmaq lazımdır. Mən Azərbaycanda təhsil aldığım müddətdə bir dəfə də olsun bu mövzuda heç bir müəllimin dilindən bu barədə bir söz də- fərqliliklərə hörmət- eşitməmişəm. Çünki onların özünə də belə bir maarifləndirmə aparılmayıb. Hələ bu təfəkkür bizdə formalaşmayıb. Ya da (daha da ağırı) bu təfəkkürə sahib olmaq üçün lazım olan təkamül səviyyəsinə hələ çatmamışıq.

Mənim kimi dinə bağlılığı olmayan, dinə və ya Allah inancına qarşı şübhə duyan insanlar üçün bu cür hadisələr anlaşılmaz və absurd görünür. Eyni dini təmsil edən insanların bir-birinə qarşı bu nifrətini anlamaqda çətinlik çəkirəm. Açığı onların bir-birinə qarşı olan nifrəti məni narahat etmir, məni narahat edən onların cəhalətlə qarışmış nifrətlərinin bir gün yaşadığım ölkənin bəlasına çevrilmə ehtimalıdır. Stefan Sveyq “Dünənin dünyası” adlı kitabında faşistlər Vyana şəhərinə gələnə qədər şəhər əhalisinin Avsturyanın işğal olunma ehtimalını belə gülüşlə qarşıladığından danışır. Bu gün Suriyədə, İraqda baş verən hadisələr bizə uzaq görünə bilər, amma Sabirabaddakı hadisələrdə gördüyümüz kimi ölkəmizdə bir-birinin başını kəsməyə hazır olan kifayət qədər başı boş insan, kütlə var. 

Fərqli insanları sevin ya da onları tanımağa çalışın kimi qəribə bir təklif irəli sürəsi deyiləm. Sadəcə fərqlilikləri qəbul edib, fərqliliklərlə birlikdə yaşamağı öyrənməliyik. Yoxsa bu fərqliliklər bir gün baş ağrısına( ən yaxşı halda) çevrilə bilər.