Çəkdiyiniz əziyyətə yazığınız gəlsin

cekdiyiniz-eziyyete-yaziginiz-gelsin
Oxunma sayı: 1334


Çalışdım ki, bu vaxta qədər heç bir “yəni nəsil” Azərbaycan kinosu haqqında mənfi rəy yaradacaq bir fikir bildirməyim. Amma çox primitiv nöqsanlar var ki, onları bütün filmlərdə görəndə, artıq qıcıqlanmağa başlayırsan.

Əvvəlcə rejissorlarımızın vazkeçilməzi olan aeroportumuz. Bəli, hava limanımız olduqca müasir, beynəlxalq standartlara uyğun və çox gözəldir. Amma, ay dostlar, bütün filmləri hava limanı səhnəsi ilə başlamaq məcburiyyətində deyilsiz. Bir az düşünün, beyninizi yorun, təxəyyülünüzü zorlayın, heç olmasa fərqlilik naminə fərqli şeylər edin. İzlədiyim son 3 film aeroport səhnəsi ilə başlayırdı.

Filmlərimizi hələ “Normal” kateqoriyasına yaxın buraxmayan 3 əsas problem var.

Birincisi, zəif və tez-tez parçalanan ssenari. Bu, həm də yaxşı ssenarist qıtlığı barədə heyəcan siqnalıdır. Böyük danışmaq kimi çıxmasın, hər şeyin bir nəzəriyyəsi var, qaydası var, forması var. Sadəcə oxuyub mənimsəmək lazımdır. Əvvəlcə ortaya bir hekayə qoyulmaldır, sonra üstündə ssenari qrupu işləməlidir, təkmilləşdirilməlidir. Mənə görə ssenari bilirsiz nədir? Suvarma zamanı suyun öz yolu ilə axıb bütün quru ləkləri doldurması. Su dəyməyən yerdə bitkinin quruduğunu isə yəqin ki, bilirsiz. Ssenaridə artıq obraza yer verilməmilidir, heç bir söz boş-boşuna deyilməməlidir.

İkincisi, qeyri-peşəkar, həvəskar(!) rejissura. Heç kim inciməsin deyə ad çəkmək istəmirəm, amma filmlərimizdə süni aktyor ifalarının günahı rejissorlardadır. Ay dostlar, rejissor filmin tanrısıdır. O, ssenariyə müdaxilə edə, aktyoru istədiyi kimi yönləndirə, istədiyini almaq üçün gərəkərsə, 50 dəfə eyni səhnəni çəkdirə, hətta alınmasa, ondan imtina edə bilər. Bunlar hələ ən pritimitiv məsələləridir.

Üçüncüsü, bərbad səsləndirmə. “Bərbad”dan daha sərt kəlimə ağlınıza gəlsə, onu da işlədə bilərsiz. Bu sırf texniki, lakin normal kino məfumu üçün çox vacib məsələdir. Adicə internetdə səs keyfiyyəti o qədər də yaxşı olmayan filmə insan baxa bilmir, əsəbləşir. İndi təsəvvür edin ki, kimsə gəlib kinoteatrda sizin kinonuza baxmağa və obrazın iç səsi ilə normal dialoq səsini ayırd edə bilmir. Bundan daha bərbad vəziyyət ola bilər? O, bir də sizin kinonuza baxmaq üçün biletə pul verər? Bunu yoluna qoymaq üçün keyfiyyətli mikrofonlar və işinibilən səs rejissorlarını cəlb etmək kifayətdir, məncə.

İndiki hada bu problemlərin öhdəsindən gəlmək, ümumiyyətlə, yeni nəsil Azərbaycan kinosunu xilas etmək üçün mən bir yol görürərm. Heç Rusiya dəmirəm, bəyənmədiyimiz Türkiyədə kinonun istehsalı prosesində iştirak etmək, yaxşı dərs almaq, ondan sonra həmin təcrübənin tətbiqinə başlmaq.

Heç kim gözləməsin ki, kimsə pul buraxıb onu Türkiyəyə, Rusiyaya. Avropaya və ya Hollivuda göndərəcək. Bunu özünüz üçün etməlisiz, hörmətli, rejissor, prodüser, ssenarist və artistlərimiz. Ortaya keyfiyyətli məhsul qoymaq istəyirsizsə, bu iş fədəkarlıq etmədən alınmayacaq. Qürur yox, səy göstərib öyrənmək və tətbiq etmək lazımdır.

O qədər vaxt və sərmayə sərf edib ortaya nə isə çıxarmağa çalışırsız. Düzdür, ilk cəhd çox önəmildir, amma səhvləri təkrarlamamaq ondan da önəmlidir. Heç olmasa, çəkdiyiniz əziyyətə (əgər çəkilibsə) yazığınız gəlsin.