28 May - Respublika Günü Cəlilabad rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, əlamətdar bayram ərəfəsində rayonun təhsil və mədəniyyət müəssisələrində, kitabxanalarda konfranslar, “dəyirmi masa”lar keçirilib, idman turnirləri təşkil olunub.
Respublika Günü münasibətilə mayın 27-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “dəyirmi masa” keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi parkındakı abidəsini ziyarət ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edən Namiq Zeynalov Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirib, cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. O, ötən əsrin sonunda Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən geniş söhbət açıb, həmçinin bugünkü irəliləyişə nail olmağımızın səbəblərini qeyd edib. O, Prezident İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
“Dəyirmi masa”da çıxış edənlər tariximizi bir daha vərəqləyərək cəmi 23 ay yaşayan AXC-nin müstəqil dövlət quruculuğu istiqamətində gördüyü işlərdən danışıblar.


Son xəbərlər
Son Xəbərlər