Cəlilabadda Anım Günü qeyd olundu

Cəlilabadda Anım Günü qeyd olundu
Oxunma sayı: 2173

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.

“Qafqazinfo” xəbər verir ki, anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və din xadimləri, iştirak edib.

Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Cəlilabad şəhəri, Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.