Cəlilabadda əkiz uşaq dünyaya gətirən ana öldü - Yenilənib

celilabadda-ekiz-usaq-dunyaya-getiren-ana-oldu
Oxunma sayı: 2787

Ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, vəfat edən şəxs Biləsuvar rayon sakini Əhmədova Xəyalə Ədalət qızıdır. Onun xəstəxanada qeysəriyyə yolu ilə əkiz övladı dünyaya gəlib.

X. Əhmədovanın əvvəlcə vəziyyəti yaxşı olsa da, sonradan halı pisləşib və vəfat edib.

Ehtimal olunur ki, ölümə ananın təzyiqinin qəfil düşməsi səbəb olub.

***

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-ya kritik ağır vəziyyətdə daxil olub.

Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib:

“Uşaqlığında çapıq var idi, çünki ilk hamiləliyi də qeysəriyyə vasitəsilə həyata keçirilib. Daxil olduğu zaman periferik ciddi ödemləri olub, təzyiqi 220-150 mm c st, preeklampsiya ağır dərəcədə, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kq 300qr, digəri isə 2 kq 100 qr olaraq qeysəriyyə ilə əməliyyata alınaraq götürülüb. Uşaqların vəziyyəti stabildir”.

Məlumatda həmçinin qeyd olunub ki, ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb. Reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib:

“Xəstənin ağ ciyəri ödem idi. Bir neçə patologiya bir arada olduğuna görə reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirilib. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə 6 saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib. Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olunub, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkişaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edilib. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb”.