Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Cəlilabad rayonu ərazisində bir sıra yenidənqurma və genişləndirmə işlərini həyata keçirir.
“Qafqazinfo” xəbər verir ki, rayonun mərkəzi və kənd elektron ATS-lərinin xətt şəbəkəsinin texniki normaya gətirilməsi, köhnə avadanlıqların istismardan çıxarılması, port tutumunun artırılması, yeni telefon çəkilişinin aparılması ilə bağlı işlər artıq yekunlaşmaq üzrədir.
Mərkəzdə yeraltı çəkilmiş 2100 metr zədələnmiş kabellər yeni kabellərlə əvəz olunaraq, abunəçi xətti normaya gətirilib.
Paralel olaraq kəndlərdə də işlər davam etdirilir. Günəşli kəndi istiqamətində rabitə xətlərinin texniki normaya gətirilməsi və əlavə 50 telefonun çəkilməsi üçün yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb. Əlavə olaraq mərkəzi küçədə abunəçilərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə 200 yeni xətt şəbəkəsinin tikintisi başa çatdırılıb, mövcud abunəçilərdən əlavə 100 müştərinin yeni tikilmiş xəttə qoşulması təmin edilib.
Hazırda Cəlilabad Telekommunikasiya Qovşağının xidməti ərazisi üzrə xətt şəbəkəsində nəzərdə tutulmuş təmir-tikinti işləri davam etdirilir. Gələcəkdə “Aztelekom”un digər xidməti ərazilərində də şəbəkənin yenidənqurulması və genişləndirilməsi işləri aparılacaq.
Son xəbərlər
Son Xəbərlər