Yenə hər tərəfdə içindəki gənc, sus qalmış Şaxta babalar, kişi “Maşa”lar, çəlimsiz “Ayı”lar, evdar qadın “Qar qız”lar görmək olur. Uşaqlara elə gəlir ki, Şaxta babanın ağzı olmur, o yemir, içmir. Qrimlənməyin dərdindən “baba”lar saqqalı elə taxıblar ki, ağız görünmür. Bizim ölkədəki bütün Şaxta babaların içi göynəyir, axşama çıxacaq qazancın dərdi götürür, üzündən qəm yağır, müqqəva kimi donunu geyinib, axşamadək ayaqüstə durmaqdan ayağına su yığılır. Kişi “Masa”ların “fiqurası” maraq yaradır. Qar “qadın”lar axşamın düşməsini səbirsizliklə gözləyirlər. Bayram günləri tək dərd nə olur olsun, çox pul qazanmaqdı.
Maşa və ayısının nəslini söyən, kişi “Maşa”nın siqaretini tüstülədəndə bir dərdi vardı. Amandı, məni görən olmasın, kişilik əldən getdi. Qorxma qardaşım, ailəsinə pul aparmaq üçün “Maşa” olmaq da kişilikdi.
Bayram günlərində “danışmasan yaxşıdı” göstərişi ilə susan Şaxta babalara yazığım gəlir. Hələ belə babalarla şəkil çəkdirməyə növbəyə dayanan bığıburma kişilər, qocalara lap gülməyim tutur. Nə yaxşı ki, qaz vurub qazan doldurmaq günləri yavaş-yavaş bitmək üzrədir. Dövlətin yolkasını imkanı olsa qucağına alacaq paxıl fotoqraflar, görəsən pulunu xeyirliyə xərcləyə bildimi? Yolka və personajlarla şəkil çəkdirənlərdən 1-2 manatdan yığan beləsinə, nə fürsət düşüb.
Gələk, bayram şənliklərinə. Hər zamankı kimi təşkilatçıların yola verdiyi belə şənliklər yenə mənasızlığı ilə göz oxşayır. Yaradıcı insanların ssenarisindən istifadə etmək əvəzinə, pulu cibinə qoyub qohum-əqrabasını meydana yığanlar utanmırlarmı?
Bu günlərdə belə şənliklərdən birində oldum. Özü də vacib dövlət orqanının aidiyyatlı idman- əyləncə kompleksində. Meydan iribədənli xanımların əlində idi. Yəni imkan olsaydı, bu aparıcı xanımlar arıq Şaxta baba,“Maşa”, “Ayı”nı(nə yaxşı ki, ruslar bu cizgi filmini çəkdi) yaxşıca budayardı. Söhbət həmin aparıcıların artıqçəkili olması deyildi, dar geyimləri ilə hamının diqqətini çəkirdilər. Hətta bizdən arxada skamyada oturmuş kişi qadını görcək özünü saxlaya bilməyib “cəmdəyinə quzu kəsim” dedi. Kişi ətsevər xalqın nümayəndəsi kimi susa bilmədi. Yəni, bir kəlmədə cəmdək, quzu sözlərini işlətməsi belə təəssürat yaradırdı. Baxmayaraq ki, “cəmdək”sözü insan bədəni üçün də işlədilə bilər. Bədii ədəbiyyatımızda çoxlu nümunələr var.
Nə isə. Mətləbdən uzaqlaşmadan şənliyə qayıdıram. Məsələ bununla da bitmədi. Az sonra səhnəyə tanınmayan yenə toppus bir xanım müğənni çıxdı. O uşaqlara sevgi, məhəbbətdən oxudu. Gözünü döyən uşaqlar səhnədə düşükləyən aparıcı, Qar ananın mənasız cümlələrinə qulaq asmaqdan yoruldular. Uşaqlar bu dəfə də çaşıb qalmışdılar. Normalda Qar qız Şaxta babanın qızı olmalıydı. Amma buradakı Qar ana Şaxta babanı qatlayıb cibinə qoyardı.
Deyirəm, zəngin folklorumuzun, mədəniyyətimizin bu qədər qəhrəmanları durmuşkən, uşaqlarımız “Maşa və Ayı”dan başqasını tanımaz oldular. Uşaqların ildə bir neçə dəfə kütləvi yığıldığı belə tədbirlərdə maraqlı səhnələr qurmaq olmazdımı?
Səhnə, meydan yenə başıboş, qabiliyyətsizlərin əlində qaldı. Heyf ki, başbilən də onlardandı.
Son xəbərlər
Son Xəbərlər