“Cəmiyyət dəstək olmasaydı, müharibəni belə başa vurmaq çətin olardı”

cemiyyet-destek-olmasaydi-muharibeni-bele-basa-vurmaq-cetin-olardi
Oxunma sayı: 722

“Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsi bizdə Vətən müharibəsi adlandırılır. Çünki hər birimiz, hər bir Azərbaycan vətəndaşı bu günü nəinki səbirsizliklə gözləyirdi, bu günə inanırdı, eyni zamanda, öz əməyi ilə bu günü yaxınlaşdırırdı”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamanı deyib. 

Dövlət başçısı qeyd edib ki, hökumət və xalq üçün torpaqlarımızın azad olunmasından daha vacib məsələ heç vaxt olmayıb: “Mən hesab edirəm ki, Qələbəmizin əsas amillərindən biri də məhz budur. Çünki biz Qarabağı unutmadıq, biz o vəziyyətlə barışmadıq. Halbuki bizə deyilirdi ki, artıq reallıqla gərək hesablaşasınız, siz birinci müharibədə, yəni, 1990-cı illərdə məğlubiyyətə uğramısınız. Siz indi gərək bu vəziyyətlə barışıb ermənilərlə kompromisə gedəsiniz, dil tapasınız. Mənim mövqeyim bəllidir. Mən bu mövqeyi həm ölkə daxilində, həm beynəlxalq tədbirlərdə bütün kürsülərdə çıxış edərkən bəyan edirdim ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. 

Çünki xalqımız barışmadı və görün, bu torpaqları görməyən cavan qız hansı sözləri deyir. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Tarixdə müharibələr çox olub, münaqişələr olub, elə hallar olub ki, xalqlar istila ilə, işğalla barışmış olublar, boyunlarını büküb əyilmiş olublar. Amma bizim xalqımız həmişə başını dik tutub. Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı, müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu, bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”.