Cəmiyyəti Müdafiə Naziliyinə güldürənlər

cemiyyeti-mudafie-naziliyine-guldurenler
Oxunma sayı: 1682


Artıq 10 gündür ki, Azərbaycan atəşkəsin pozulması, yəni atəş ab-havası ilə yaşayır. İlk qığılcım yanvarın 19-dan 20-nə keçən gecə olmuşdu. Həmin gecə bir erməni əsgəri də öldürülmüşdü. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri buna reaksiya da vermişdi. Sonuncu ciddi hadisə isə Tovuzda baş verdi. Müdafiə Nazirliyinin təbirincə desək, “erməni diversiya qrupunun bələdçisi” yaxalandı. Baş verənlər 3 parametrinə görə qiymətləndirilməlidir.

I - Siyasi

Baş verənlər Azərbaycan-Ermənistan danışıqlarına ciddi zərbə vurdu.

Bunun detalları barədə danışmazdan əvvəl bir xatırlatma: Vasitəçilər hər vəchlə təkrar edir ki, münaqişənin hərbi həlli yoxdur. Bir yol var - danışıqlar. Danışıqlarda isə bir məqam önəmlidir – qarşılıqlı inam. Həm də təkcə siyasi rəhbərliyin yox, cəmiyyətlərin qarşılıqlı inamı.

Son atəşkəs pozuntusu ən əvvəl qarşılıqlı inama zərbə vurdu.

Bəs belə bir zərbə nəyə və kimə lazım idi?

Təbii ki, ilk növbədə Rusiyaya.

Niyə?

Ukraynadan əli çıxmaq üzrə olan və rıçaqları itirilən Rusiya Qafqazda özünü göstərməyə çalışır. Və buradakı mövcudluğunu saxlamaq üçün münaqişənin bir az da alovlanmasında maraqlıdır.

Ermənistan müdafiə naziri Seyran Ohanyanın Bakıya raket zərbəsi hədəsinin arxasında da məhz Rusiyanın Qərbə təhdidi elementi vardı.

Rəsmi Bakının bunun fərqində olduğu da bəlli oldu. Ermənilərə əmrlərin başqa dildə verilməsi barədə Müdafiə Nazirliyinin yaydığı məlumatın arxasında da məhz bu dayanırdı.

Bir sözlə, baş verənlər münaqişənin həllinin ləngidilməsinə və cəmiyyətlərdə nifrətin artırılmasına yönəlmişdi.

II - Hərbi

Hərbi baxımdan kimin üstün, kimin zəif olduğunu sübut edəcək heç nə baş vermədi.

Azərbaycan iki zabitini itirdi. İki zabit.

Ermənilər isə iki əsgər.

Hərbi təyyarələrin Xankəndinə uçması və sairə bu kimi informasiyalarla manipulyasiya cəhdi isə boşboğazlıqdan başqa bir şey deyildi.

III – İnformativ

Yuxarıda qeyd etdim ki, vəziyyətin gərginləşdiyi ilk gecənin səhəri ABŞ-dan olan həmsədr bəyanat verdi və itkiyə təəssüfləndi. İtki erməni tərəfdən idi.

Deməli, erməni tərəfi ilk informasiya əməliyyatında xal qazana bildi.

Atışmalar intensivləşdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yeni rəhbərliyi informasiya “hücumuna” keçdi. Ermənilərin atəşkəsi pozduğunun sayını göstərməklə. Ermənilər 90, 100, 150, 200 dəfə atəşkəsi pozub. Amma atəşkəsin necə hesablandığını demədi. Deyə də bilməzdi. Çünki bu, boş sözçülükdür.

Bu dövrdə yayılan və Müdafiə Nazirliyinin informasiya siyasətinə dəxli olan vacib məqamlara da heç bir reaksiya verilmədi. Təyyarələrimizin Xankəndinə uçması, ermənilərin yaşayış məntəqələrimizi minaatanlardan atəşə tutması barədə xəbərlərə Müdafiə Nazirliyinin reaksiyası olmalı idi. Amma olmadı.

Və nəhayət “erməni diversiya qrupunun bələdçisi” məsələsi. Mən yaxşı başa düşürəm ki, diversant bundan da bərbad gündə ola bilər. Amma bu şəxs diversant deyildi.

Bu məsələ ilə bağlı bir qədər detallı danışaq.

Birincisi, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı xəbərdə deyilir ki, ermənini hərbçilər tutub. Xeyr, ermənini mülki vətəndaşlar tutub. Və bu yayılan kadrlardan da aydın olur. Müdafiə Nazirliyinin Mətbuat Xidməti kimi aldadırdı?

İkincisi, Müdafiə Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarında olan uyğunsuzluq. Nazilik ermənini hərbçilərin tutduğunu, Komissiyanın katibi isə mülki şəxslərin tutduğunu deyir. Həqiqət isə Müdafiə Nazirliyinin dediyində deyil.

Bu informasiya lətifəsini, Xankəndinə təyyarələrimizin uçduğunu, ermənilərin yaşayış məntəqələrimizə minaatanlardan atəş açdığını deyənlər sanki azmış kimi bir tərəfdən də Müdafiə Nazirliyinin “vəkilləri” peyda oldu.

Müdafiə Nazirliyi dövlətin sütünudur. Və bu dövləti mən sizdən az sevmirəm. Amma Müdafiə Nazirliyinin informasiya siyasətinə cavabdeh olanlar dövlətin sütununu gülüş hədəfinə çevirirsə  günah güləndə deyil. 

Dövlətin sütununu gülünc vəziyyətə salmaq cinayətdir. Cəmiyyətin ən pis vərdişi isə cinayətkarı cəzasız qoymaqdır.

Son olaylara informasiya siyasətimizin düz qurulmamasının bir nəticəsini də diqqətinizə çatdırım. Dünən ABŞ-dan olan həmsədr Ceymis Uolrik öz “Twitter” səhifəsində yazıb: “Erməni əsgərinin ölümü faciədir”.

Amma o Azərbaycan zabitlərinin ölümü ilə bağlı heç nə yazmadı?

Bəlkə düşünəsiniz – Niyə yazmadı?

Çünki ermənilərin Müdafiə və Xarici İşlər nazirlikləri planlı informasiya siyasəti aparır. Bizim analoji strukturlardan isə son olaylarla bağlı vasitəçilərə və digər beynəlxalq qurumlara hansısa müraciətlər və bəyanatlar göndərilibmi?..