Günün iki qarşılaşması eyni vaxtda baş tutacaq. “Sumqayıt” “Qəbələ”ni qonaq edəcək. Bu matç qonaqlar üçün daha vacibdir. Roman Qriqorçukun yetirmələri üçüncülük iddiasını davam etdirmək üçün “gənclik şəhəri”nin təmsilçisini məğlub etməlidir. Oyunun start fiti 18:00-da veriləcək.
Lider “Qarabağ” isə Lənkərana səfər edəcək. Ağdamlılar “Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu matç Qurban Qurbanovun komandası üçün çempionluq baxımından həlledici ola bilər. Əgər “Qarabağ” cənub səfərindən qələbə ilə qayıtsa, “İnter” – “Neftçi” görüşünün nəticəsindən asılı olaraq çempionluğunu rəsmiləşdirə bilər. Lənkərandakı matç da 18:00-da başlayacaq.
Günün son və turun mərkəzi qarşılaşması “İnter Arena”da oynanılacaq. “İnter” azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Bu matç bir çox suallara aydınlıq gətirəcək. Ilk olaraq meydan sahibləri bu görüşdə qalib gələ bilməyəcəyi, “Qarabağ” “Xəzər Lənkəran”ı məğlub edəcəyi halda mövsümün çempionu müəyyənləşəcək.
Digər tərəfdən “İnter” qalib gəlsə, “Qəbələ” Sumqayıtda büdrəsə, gümüş medalların taleyi bəlli olacaq. “Bankirlər” ikinciliyi rəsmiləşdirəcək. Bu gərgin və maraqlı oyun 20:00-da start götürəcək.
Son xəbərlər
Son Xəbərlər