Cənablar, Azərbaycan müharibə aparmır, əhalisini və ərazilərini qoruyur!

cenablar-azerbaycan-muharibe-aparmir-ehalisini-ve-erazilerini-qoruyur
Oxunma sayı: 5393

Artıq bir neçə gündür ki, regionda baş verən hadisələrlə bağlı dünyanın gözü Azərbaycanda, qulağı isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iki dodağından çıxa biləcək sözlərdədir. Otuz ilə yaxın bir müddət ərzində dinməyən, danışmayan və görməzdən gələn dövlətlər, təşkilatlar və digər qurumlar ard-arda bəyanatlar verirlər. Nijdeçilik ideologiyasının hökm sürdüyü, işğalçı və terrorçu Ermənistandan işğal etdiyi əraziləri boşaltmağı tələb etmək əvəzinə, Azərbaycana müharibəni dayandırmağı, aparılan döyüşlərin həm regionda, həm də dünyada sülh və sabitlik üçün təhlükə olduğunu izah etməyə çalışırlar.

Ümumiyyətlə informasiyanın hegemonluq etdiyi hazırkı dövrdə istənilən hadisəyə qiymətin verilməsi və onun barəsində fikrin formalaşdırılması həmin hadisəyə yanaşma tərzindən və baxış bucağından asılıdır. Bu gün Cənubi Qafqaz regionunda müharibəni və döyüşləri dayandırmağa çağırış edənlərə səslənmək istərdim! Cənablar, bir Azərbaycan vətəndaşı kimi şəxsən mənə, on milyondan artıq digər vətəndaşımıza, əlli milyona yaxın dünya azərbaycanlılarına və Azərbaycan dövlətinin və xalqının haqq səsinə və haqlı mövqeyinə səs verən dünya dövlətlərinə görə Azərbaycan dövləti müharibə aparmır! Heç bir dövlət öz ərazisində başqa bir dövlətə qarşı müharibə aparmır, əhalisini və ərazilərini qoruyur!

Əksinə, bu gün Azərbaycan dünyanın ən böyük və nəhəng təşkilatı olan BMT-nin bir üzvü kimi onun otuz ilə yaxın bir zaman ərzində həyata keçirə, icra etdirə və icrasını təmin edə bilmədiyi qanuni qətnamələrinin icrasını həyata keçirməklə, elə o təşkilatın nüfuzunu və imicini qorumaqla məşğuldur.

Bu gün Azərbaycan ötən əsrin sonlarından bu əsrin iyirminci ilinədək olan dövr ərzində yerə vurulmuş və tapdalanmış beynəlxalq hüququn bütün prinsiplərinin yenidən bərpa olunmasına və onlara hörmətin bərqərar olunmasına çalışır.

Bu gün Azərbaycan əsrin üçdə biri qədər olan müddətdə Qarabağ münaqişəsinə və torpaqlarımızın işğalına laqeydlik, etinasızlıq və səssizlik nümayiş etdirən, bütün dünyada yalnız və yalnız imitasiya və gözə kül üfürmək naminə insan hüquqlarından, insanların, xalqların və dövlətlərin bərabərliyindən, onların ərazi bütövlüyündən, söz, vicdan və iradə azadlığından, insan həyatının və mülkiyyətinin toxunulmazlığından dəm vuran içiboş təşkilatların, onların qəbul etdiyi sənədlərin əslində deməli və etməli olduqlarını özü öz gücü ilə edir.

Bu gün Azərbaycan təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, bütün region üçün, bəşəriyyət, insanlıq və dünya üçün xərçəng xəstəliyindən daha çox fəsadlar törətmiş terrorçuluğun və terrorizmin qarşısını almaq məqsədilə regionda antiterror əməliyyatları həyata keçirmək uğrunda mübarizə aparır.

Bu gün Azərbaycan maraq və mənafelərinə uyğun gələndə hətta qanunda nəzərdə tutulmuş cinayəti törədən bir insanın hüquq və azadlıqlarını qorumaq adı altında müxtəlif çirkin niyyətlərini həyata keçirməyə çalışan dövlətlərin və təşkilatların etməli olduğu, bir milyondan artıq insanın pozulmuş hüquqlarının bərpasına cəhd edir. Bu səbəblərdən də baş verənlərə görə bütün dünya, dünya dövlətləri, təşkilatları və insanlıq Azərbaycan dövlətinə, xalqına, ordusuna və onun Ali Baş Komandanına təşəkkürünü və minnətdarlığını bildirməlidir.

İşğalçı Ermənistan, özünün fəaliyyəti və davranışı ilə uzun illərdir ki, təkcə danışıqlar prosesinə deyil, eyni zamanda onun aparılmasında vasitəçilik edən dövlətlərə və təşkilatlara, o cümlədən də beynəlxalq hüquqa hörmətsizlik edir və onları təhqir edir. Həmin dövlətlər, xalqlar və təşkilatların bəlkə də özlərinin hansısa maraq və mənafelərinə və ya digər səbəblərə görə davamlı olaraq təhqir olunmaqdan xoşları gələ bilər. Ancaq Azərbaycan dövləti, xalqı və insanı belələrindən deyil və belə olmadığını da, bütün dünyaya sübut etməklə, həm də, çoxlarına bir insanlıq dərsi keçməkdədir. Biz bütün dünyada qonaqpərvərliyimiz, səmimiyyətimiz, multikultural və tolerant dəyərlərimizlə tanınmağımıza baxmayaraq, bundan sui-istifadə olunmasına, özümüzə və dövlətimizə hörmətsiz yanaşılmasına imkan verməyəcəyimizi də isbat etməyə qadirik!

2016-cı il aprel döyüşləri zamanı baş verənlərdən heç bir nəticə çıxarmayan Ermənistan və onun havadarları yenə də eyni ssenarini qurmağa cəhdlər edirlər. Müxtəlif yollarla Azərbaycan dövlətinə və onun başçısına işğalçı dövlətin çoxsaylı təhlükəli təxribatılarına qarşı əks-hücum əməliyyatlarını yarımçıq və nəticəsiz saxlaması ilə bağlı təsirlər göstərməyə çalışırlar. Bununla bağlı müxtəlif tədbirlərdə, ayrı-ayrı görüşlərdə və bir neçə gün öncə, elə qəbul etdiyi qətnamələri icrasız qalan BMT-nin kürsüsündən də dövlət başçımız Azərbaycan xalqının və dövlətinin qəti mövqeyini bir daha ortaya qoydu.

Bu cür mövqe sərgiləmək imkanlarından biri də, Rusiyanın “Rossiya-1” kanalında işğalçı Ermənistanın Baş Nazirinin də qatıldığı verilişdə onlayn çıxış zamanı oldu. Prezident İlham Əliyev “Rossiya-1” kanalında çox məntiqi ardıcıllıqlı fikirlərdən, düşünülmüş ifadələrdən və mahir diplomatik üslubdan istifadə etməklə, qarşı tərəfə heç bir arqument saxlamayan bir çıxış etdi!

Eynilə şanlı ordumuzun cəbhədə göstərdiyi performansa uyğun olan, özünə tam güvənli, hər fikri əsaslandırılmış, siyasi və diplomatik bir hücum. İlham Əliyev kimi Ali Baş Komandanın cəbhədə düşmənə aman verməyən elə ordusunun olması tam məntiqəuyğundur.

Elə qadın, qoca və körpə qatili olan qarşı tərəfin işğalçı və qorxaq ordusunun da, Paşinyan kimi dili dolaşıb topuq vuran, bir fikri əvvəlkini tam təkzib edən, verilən sualların mahiyyətini və məzmununu bir kənarda saxlayıb, macal tapmışkən Türkiyədən şikayətlənərək rəsmən Rusiyaya yalvarmaqla özünü biabır edən rəhbərinin olması tam başqa bir məntiqin nəticəsidir!

Adam ingiliscə danışmağa çalışır, İlham Əliyev onu mat edir! Rusca danışmağa cəhd edir, yenə biabırçı bir məğlubiyyət! Bircə erməni dili qalıb. Erməni dilində danışmaq bir azərbaycanlı üçün təhqir olmasa, inanıram ki, Prezident İlham Əliyev onu erməni dilində də bağlayacaqdı!

Əminliklə deyə bilərəm ki, Paşinyan elə təkcə bu biabırçı debatlara görə Ermənistanın Baş Naziri olmasına elə erməni kimi də peşman olub.

Uca Tanrı Azərbaycanı və Azərbaycan Ordusunu qorusun!

Politoloq Xəyal Bəşirov