Cənubi Koreya Azərbaycana 2 milyon dollar dəyərində qrant ayırdı - Foto

cenubi-koreya-azerbaycana-2-milyon-dollar-deyerinde-qrant-ayirdi
Oxunma sayı: 2274

İyulun 20-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə Cənubi Koreyanın Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında “Azərbaycanda innovasiya siyasətinin qurulması”na dair Qrant Müqaviləsi imzalanıb.

RİNN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, müqaviləyə əsasən, 2 milyon ABŞ dolları dəyərində olan qrant layihəsinin məqsədi Azərbaycanda innovasiya siyasətinin səmərəliliyinin artırılması üçün innovasiyalar üzrə Strateji Yol Xəritəsinin hazırlanmasıdır.

Layihə çərçivəsində KOICA təşkilatının ekspert qrupu tərəfindən nazirliyin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin iştirakı ilə institusional imkanların artırılması, innovasiya və startap ekosisteminin inkişafı və digər əlaqəli məsələlərə dair araşdırmalar aparmaqla təklif və tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə innovasiya ekosisteminin inkişafına görə lider ölkələrdən biri olan Cənubi Koreyanın təcrübəsindən yararlanmaqla Azərbaycanda müvafiq sahəyə investisiya qoyuluşuna, iqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqinə öz töhfəsini verəcək.