Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirildi - Foto

cernobil-qezasinin-istirakcilari-ile-gorus-kecirildi
Oxunma sayı: 1612

Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın ildönümü ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, qəza nəticəsində 7 min nəfər həyatını itirib, 25 min nəfərdən çox sakin güclü radiasiyaya məruz qalaraq ömürlük əlil olub. Həmin günlər o vaxtkı ittifaqın digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 min nəfər faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Onların bir çoxu təhlükəli və ağır şəraitdə işlədiklərindən normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Yasamal rayonunda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən 187 nəfərdən 50-si dünyasını dəyişib, 137 nəfər müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunurlar.

Respublika Çernobıl əlilləri cəmiyyətinin sədri Mirhəsən Həsənov öz çıxışında bildirib ki, Azərbaycanda 4594 Çernobıl qəzasının iştirakçısı yaşayır. Hazırda onların 50-65 yaşı var. Lakin onların çoxu öz real yaşından xeyli qoca görünürlər. Onların 90 faizindən çoxu əlillik statusu alıb. 1993-cü ildə qəbul edilmiş “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 nəfər Çernobıl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobıl əlilinə dövlət hesabına minik avtomobili verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı Çernobıl əlilləri də hər il sanatoriya-kurort putyovkaları ilə təmin olunurlar.

Tədbirin sonunda dəhşətli faciəni əks etdirən film nümayiş olundu, Çernobıl əlillərinə ərzaq bağlamaları təqdim edilib.