Çətənəyə su verərkən tutuldu

ceteneye-su-vererken-tutuldu
Oxunma sayı: 1277

İsmayıllı rayonunda özü narkotik yetişdirən şəxs başqa bir nəfərlə əlbir olaraq şərik iş qurub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayon sakini 1994-cü il təvəllüdlü Eşqin Paşayev 2019-cu ilin aprel ayında İsmayıllı rayonunun Diyallı kəndinin ərazisində meşə sahəsində 150 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirib.

Daha sonra çətənə bitkisinin toxumlarını həmin yerə səpib qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib. Ümumilikdə 784 ədəd çətənə bitkisini yetişdirməklə 1 metrdən 1,3 metrədək hündürlüyə çatdıraraq kultivasiya edib. Mayın 31-də İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 245 kiloqram 950 qram təşkil edən, külli miqdarda, yəni 784 ədəd çətənə bitkiləri və ümumi təmiz çəkisi 12 kiloqram 635 qram çətənə bitkisinin budaq, saplaq və yarpaq şəklində olan hissələri aşkar edilərək götürülüb.

İstintaq zamanı məlum olub ki, E.Paşayev işi böyütmək məqsədilə tanışı Bəkirov Əlmurad Əlsuvar oğlu ilə əlbir olaraq 2020-ci ilin may ayının ortalarında 100 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyərək əkin üçün yararlı vəziyyətə gətirib. Həmin yerə 372 ədəd çətənə bitkisi əkib, 109 ədəd çətənə bitkisinin toxumlarını isə ağ rəngli plastmas qablarda əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Əlmurad Bəkirov çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılıb. Onun ortağı Eşqin Paşayev əvvəllər narkotikdən istifadə etdiyi üçün məhkum olunub.

Hər iki şəxs külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə təqsirləndirilir. Cinayət işinin istintaqı İsmayıllı rayon polis şöbəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin icraatındadır.