Ceyhun Bayramov Antalyada İrina Vlahla görüşdü

ceyhun-bayramov-antalyada-irina-vlahla-gorusdu
Oxunma sayı: 1451

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlahla görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Azərbaycan və Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla vurğulayıb.

O, 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, eləcə də, hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib.

İrina Vlah Qaqauziyada Heydər Əliyev Fondu tərəfindən 650 yerlik yeni məktəbin inşa edildiyini qeyd edərək, bu kimi təşəbbüslərin iki ölkə arasında olan dostluq münasibətlərinin genişləndirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.