Ceyhun Bayramov Antonio Quterreşlə görüşdü

ceyhun-bayramov-antonio-quterresle-gorusdu
Oxunma sayı: 929

Sentyabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

XİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə təbrik edib. Daha sonra tərəflər regiondakı son vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov BMT baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Nazir, həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd edib və bunun qəbuledilməz olduğunu vurğulayıb.

Antonio Quterreş Azərbaycanın dövlət başçısının QH sədri qismində irəli sürdüyü COVİD-19 pandemiyası qarşı qlobal əhəmiyyətli təşəbbüslərin yüksək qiymətləndirdiyini qeyd edib. O, Ermənistan Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi apardılar.