Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü
Oxunma sayı: 703

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri, habelə Ermənistanın təxribatı nəticəsində meydana gəlmiş vəziyyət və BQXK-nın mümkün dəstəyi barədə fikir mübadiləsi aparılıb. 

Nazir BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, 3800-dən çox azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

BQXK Prezidenti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa daim açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə etdi. Son gərginləşmədən sonra bölgədə fəal surətdə tərəflərlə təmasda olduğu və ölkəmiz tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq bildirib. 

Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və törətdiyi fəlakətlər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla BQXK arasında mümkün əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.