Bu gün qarşı tərəfin təşəbbüsü əsasında xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.
XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov sərhəd məsələsi ilə bağlı gərginliyin aradan qaldırılmasının, bu xüsusda mövcud olan fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib, Azərbaycanın sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiyanın yaradılması təklifini dəstəklədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan ərazisində yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılan altı erməni hərbçisinə gəldikdə isə, Azərbaycanın azad olunmuş ərazilərdə Ermənistan tərəfindən basdırılmış və insan həyatı üçün birbaşa təhlükə törədən çoxsaylı minaların təmizlənməsi ilə məşğul olduğu bir vaxtda, Ermənistan tərəfinin bu kimi təxribatlara əl atmasının yolverilməz olduğu vurğulanıb.
Tərəflər, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər