Ceyhun Bayramov Feysəl Əl-Fayez ilə görüşdü

ceyhun-bayramov-feysel-el-fayez-ile-gorusdu
Oxunma sayı: 1498

Bu gün xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığı Ümmət Məclisinin (Parlament) Senatının sədri Feysəl Əl-Fayez ilə görüşüb.

Bu haqda “Qafqazinfo”ya XİN-dən məlumat verilib.

Ceyhun Bayramov Senatın sədrinin Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransında şəxsən iştirakının həm tədbirin işinə, həm də ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini bildirib.

Gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu münasibətlə tədbirlərin təşkilinin əhəmiyyəti səsləndirilib.

Feysəl Əl-Fayez Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını və bu xüsusda ikitərəfli səfərlərin intensivləşməsinin əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycanın QH sədrliyi çərçivəsində fəal rolunu, irəli sürülən təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Sədr, hazırda dünyada cərəyan edən bir sıra narahatlıq doğuran hadisələr fonunda Qoşulmama Hərəkatının dünya müstəvisində rolunun artırılmasına ehtiyacın olduğunu vurğulayıb.

Görüşdə, həmçinin regional vəziyyət, habelə qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.