Ceyhun Bayramov həmkarları ilə bəyanatı müzakirə edib - Yenilənib

ceyhun-bayramov-hemkarlari-ile-beyanati-muzakire-edib
Oxunma sayı: 1495

Noyabrın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstan xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

26 noyabrda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar. Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.

***

26 noyabrda Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

Nazirlər bölgədə mövcud olan son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə sülh və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, eyni zamanda, ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafından bəhs ediblər, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə dair müzakirələr aparıblar.

Tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.