Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşdü - Fotolar

Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşdü
Oxunma sayı: 812

Bu gün İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, 2021-ci ilin dekabr ayında İran xarici işlər nazirinin Azərbaycana səfərini xatırlayan nazir, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələn inkişafına verdiyi töhfəni qeyd edib. 

Qısa zamanda, ölkə Prezidentləri arasında iki dəfə görüşlərin keçirilməsinin Azərbaycan və İran arasında əlaqələrin inkişafının göstəricisi olduğu vurğulanıb. 

Nazir ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 30%, 2022-ci ilin ilk yarısında isə 18% artdığını qeyd edərək bu istiqamətdə inkişaf üçün potensialın daha çox olduğunu bildirib.

Azərbaycan və İran arasında energetika sahəsində əməkdaşlıq, bu xüsusda, “Xudafərin” və “Qız Qalası” layihələrinin əhəmiyyəti ifadə edilib. Ölkələrimiz arasında xüsusilə nəqliyyat sahəsində səmərəli regional əməkdaşlığın mövcud olduğu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti qeyd edilib.

Nazir həmkarına Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar barədə məlumat verib, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında münasibətlərin normallaşmasına hazır olduğunu bildirib.

Hüseyn Əmir-Abdullahianiki ölkənin dövlət başçılarının görüşündə əldə olunan nailiyyətləri, imzalanan sənədləri məmnunluqla qeyd edib. Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirən nazir,  iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, energetika sahələrində əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. 

Tərəflər, həmçinin çoxtərəfli formatlarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.