Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında - Fotolar + Yenilənib

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında
Oxunma sayı: 616

Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, iclasda 14 məsələ, həmçinin 13 sənəd layihəsi müzakirə olunacaq.

Məlumata əsasən, XİN rəhbərləri beynəlxalq gündəmdə olan məsələlər və MDB çərçivəsində qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edir.

***

Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyinə daxil olan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib və müzakirə ediləcək məsələlər sırasında “MDB-nin 30 illiyi ilə bağlı üzv dövlətləri başçılarının Bəyanat layihəsi ilə bağlı Qərarı” xüsusilə vurğulayıb.

Ceyhun Bayramov çıxışında 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərimizin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edildiyini qeyd edib, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. Regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Birgə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyi vurğulanıb. Həmçinin çıxışında nazir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb. O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.

***

İclasın sonunda nazirlər tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs İlinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalanıb.

***

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası aprelin 8-i Düşənbə şəhərində keçiriləcək.

Bu barədə məlumatı MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev açıqlayıb.