“Torpaqlarımızın işğaldan azad edilməsi zamanı Türkiyənin ölkəmizə verdiyi siyasi və diplomatik dəstəyin sadəcə qardaşlıq münasibətlərinin təzahürü deyil, eyni zamanda Türkiyənin doğrunun, haqqın və ədalətin yanında dik durması kimi tarixdə öz yerini qazandığını ifadə edir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə avqustun 8-də xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən “2023-cü il ərəfəsində və ondan sonrakı dövrdə müdrik və humanist Türk diplomatiyası” mövzusunda 13-cü Səfirlər konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu dövrdə bütün beynəlxalq təzyiq və təhdidlərə baxmayaraq türk diplomatları azərbaycanlı məsləkdaşları ilə birlikdə bütün platformalarda çiyin-çiyinə çalışaraq, haqq sözümüzün dünyada eşidilməsi üçün ciddi mübarizə apardılar:
“Başda Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu olmaqla Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə beynəlxalq ədalətin bərqərar olması yolundakı fəaliyyətlərinə dəstək verən bütün türk diplomatlara təşəkkürümü bildirir, bundan sonra da məhsuldar fəaliyyətlərimizin birlikdə yaşamağı arzu edirəm. Eyni zamanda, bu gün burada olmağımdan istifadə edərək, ASALA və digər erməni terror təşkilatlarının törəkdikləri terror aktları nəticəsində şəhadətə yüksələn türk diplomatları və ailə üzvlərini də rəhmətlə anmaq istəyirəm. Türk diplomatlarımıza qarşı törədilən bu terror aktları erməni terrorizminin hələ XX əsrin 70-80-ci illərində türk etnik kimliyinə olan nifrətini isbat edərək, əslində sonrakı onilliklərdə Azərbaycanın başına gələn faciələrin xəbərçisi olub”.
Ceyhun Bayramov qeyd edib ki, nifrət üzərində qurulan bir ideologiya ən böyük zərəri özünə vurur:
“Bundan imtina etmək həm regional inteqrasiyaya, həm də erməni xalqının rifahına xidmət edə bilər. Biz, Azərbaycan və Türkiyə olaraq iradəmizi ortaya qoymuşuq və qarşı tərəfdən də adekvat addımlar gözləyirik”.