Ceyhun Cəfərov Çöhranlı kəndində səyyar qəbul keçirib - Foto

ceyhun-ceferov-cohranli-kendinde-seyyar-qebul-kecirib
Oxunma sayı: 1303

Oktyabrın 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Çöhranlı kənd inzibati ərazi dairəsinə daxil olan Yeni Şıxımlı və Çöhranlı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Çöhranlı kənd tam orta məktəbində keçirilən qəbulda Prezident Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı, rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Prezidentin sərəncam və tapşırıqlarına əsasən Kürdəmir rayonunda Asan Xidmət Mərkəzinin, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlərinin tikildiyini, kənd yollarının yenidən qurulduğunu söyləyib.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.

Kənd sakinləri enerji və su təchizatı, sosial müdafiə, Çöhranlı kənd tam orta məktəbinə yeni binanın inşa edilməsi, kənddə tibb məntəqəsinin tikilməsi, səhiyyə, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.